Lisey direktorundan Mikayıl Cabbarova "əzələ nümayişi"
10:46 01-09-2015
CƏMİYYƏT
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbovdan narazılıq var
Ölkədə təhsilin inkişafı ilə bağlı götürülmüş strategiya bütövlükdə olmasa da müəyyən müsbət nəticələrini göstərir. Bu baxımdan xüsusi təmayüllü liseylərin fəaliyyəti təhsilin inkişafı ilə bağlı cəmiyyətdə müəyyən ümidlər yaratmışdı. Etiraf edək ki, bu baxımdan uğurlu təhsil ocaqlarımız da kifayət qədərdir. Amma bütövlükdə götürüldükdə lisey və gimnaziyalar onlara bəslənən böyük ümidləri doğrultmadı. Paytaxtın Yasamal rayonu ərazisində yerləşən Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey də məhz bu qəbildən olan təhsil ocaqlarındandır.
Təhsildən demək olar ki, əsər-əlamətin qalmadığı adıçəkilən təhsil müəssisəsinin direktoru Tariyel Talıbovun yarıtmaz fəaliyyəti nəticəsində şagirdlərin elmə, təhsilə olan marağı hər ötən gün bir qədər də azalır. Xatırladaq ki, Tariyel Talıbov uzun illərdir ki, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyə rəhbərlik edir və bu günə qədər onun adı ətrafında müxtəlif şok ittihamlar səsləndirilib. "Unikal" qəzetinin redaksiyasına yazılı şəkildə müraciət edən bir qrup əməkdaşın iddiaları isə Tariyel Talıbovun hələ də köhnə ampulasına sadiqliyini təsdiqləməkdədir.
Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə çalışan və bəlli səbəblərdən adlarının açıqlanmasını istəməyən pedoqoji kollektiv üzvlərinin iddialarına görə, Tariyel Talıbov rəhbərlik etdiyi təhsil ocağını şəxsi biznes obyekti kimi idarə edir: "Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyə qəbul olunmaq üçün müraciət edən hər şagirdə görə direktor 1000 (min) manat məbləğində "şirinlik" tələb edir. Bu isə haqlı olaraq çalışdığımız təhsil ocağının reputasiyasına mənfi təsir göstərməklə yanaşı təhsilin keyfiyyətinin də aşağı düşməsi ilə nəticələnir. Çünki Tariyel Talıbovun şagird seçimlərindəki əsas prinsipi təhsildəki nailiyyət və göstəricilər yox, alacağı "şirinlik"dir".
Müəllimlərin digər narazılıqları isə təhsil ocağında onların özlərindən belə rüşvət tələb olunmasıdır: "Tariyel Talıbov nəinki valideynlərdən, hətta pedoqoji kollektivdən də küllü miqdarda rüşvət tələb edir. Biz bununla bağlı adlarımızın da yer aldığı və imzamızla təsdiqlədiyimiz və Təhsil Nazirliyinə ünvanladığımız şikayət məktubunda daha müfəssəl bəhs etmişik. Bununla bağlı yalnız bir faktı bildirmək kifayətdir ki, Tarıyel Talıbov dərs saatlarının bölgüsünü əsl qazanc mənbəyinə çevirib. Onun "şərtləri"nə boyun əyənlərə daha çox dərs saatları verilir, tələb olunan məbləği ödəməyənlər isə sadəcə acından ölməmək üçün işləməyə məhkumdur".
Əldə etdiyimiz digər məlumatda vurğulanır ki, hazırda Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə aidiyyəti qurumlar müvafiq araşdırma aparsalar, o zaman sözügedən təhsil ocağında dövlət vəsaitlərinin talanması, ciddi maliyyə pozuntuları, bir sıra çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına rast gələ bilərlər: «Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin direktoru Tariyel Talıbov müxtəlif yollara baş vurmaqla bu kimi halları müvafiq dövlət orqanlarının diqqətindən yayındırmağa müvəffəq olur. Ümumiyyətlə, bu gün bu liseydə sözün həqiqi mənasında özbaşınalıq baş alıb gedir. Kənardan baxanda elə təəssürat yaranır ki, sanki təhsil ocağının rəhbərliyi kimlərinsə himayəsinə arxalandığından öz bildiyini edir. Bütün bunlar isə sonda şagirdlərə və onların valideynlərinə baha başa gəlir, onların əlavə xərcə düşməsilə nəticələnir. Dəfələrlə bununla bağlı Təhsil Nazirliyinin qaynar xəttinə, eləcə də digər aidiyyəti qurumlara ətraflı məlumat verilib. Lakin nədənsə bir dəfə də olsun nazirlikdən gəlib Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə araşdırma aparan, mövcud olan problemlərlə maraqlanan, Tariyel Talıbovun əməllərinə lazımi qiymət verən olmayıb. Görünür, kimlərəsə Tariyel Talıbovun Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyi öz qaydaları ilə idarə etməsi sərf edir. Məhz elə bu səbəbdən də heç kim ona irad tuta bilmir".
Məlumatlı şəxs qeyd edir ki, artıq bir çox valideynlər ən müxtəlif bəhanələrlə lisey rəhbərliyinin maraqlarını təmin etməkdən təngə gəliblər: «Övladları Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alan valideynlər məcburiyyət qarşısında qalıb təhsil müəssisəsinin rəhbərliyi tərəfindən tələb olunanı vermək məcburiyyətində qalır. Lakin artıq valideynlərin əksəriyyətinin səbri tükənmək üzrədir. Onlar lisey binasını, sinif otaqlarını təmir etdirmək və digər bir sıra bəhanələrlə pul yığımının dayandırılmasını tələb edirlər. Elə bunun nəticəsidir ki, liseyin göstəriciləri ildən-ilə aşağı düşür. Bu il liseyi bitirən məzunların yetərli hissəsi ali məktəblərə qəbul ola bilmədi. Bunun səbəbi Tariyel müəllimin rəhbərliyi altında fəaliyyət göstərən liseydə keyfiyyətli təhsilin verilməməsi ilə bağlıdır. Müəllimlərin bir çoxu repititorluq fəaliyyəti ilə məşğul olur. Onlar dərsə gəlib vaxtlarını keçirib gedirlər, yəni özlərini yormurlar.
Xatırladaq ki, sabiq təhsil naziri Misir Mərdanovun dövründə də Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin fəaliyyəti ilə bağlı nazirliyə çoxsaylı şikayətlər edilmişdi.Amma nədənsə o zamanda Tarıyel Talıbova gözün üstə qaşın var deyən olmadı. Biz isə hələ də ümid etmək istəyirik ki, təhsildə islahatlar aparacağını, neqativ hallara qarşı barışmaz olacağını bəyan etmiş nazir Mikayıl Cabbarova qarşı "əzələ nümayiş etdirən" bu qalmaqallı lisey direktoru ilə bağlı lazımi ölçü götürüləcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22