"Ağ Blok" Müsavatda aranı qatdı
10:28 02-09-2015
CƏMİYYƏT
Narazıların yeni ittifaqda birləşməsi sakitləşməkdə olan gərginliyi yenidən gündəmə daşıdı
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycanda yeni siyasi blok təsis olundu. "Ağ blok" adı verilmiş siyasi ittifaqın yaranması isə heç də birmənalı qarşılanmadı və xüsusilə müxalifət düşərgəsi, daha dəqiqi ifadə etsək Müsavat Partiyası tərəfindən sərt təpkilərlə qarşılandı. Bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirakı hədəfləyən blok təmsilçilərinin Müsavat daxilində yaratdığı etiraz dalğası isə hələ də bitməyib. Bunun səbəbi isə sözügedən siyasi ittifaqın əsasən Müsavata yaxınlığı ilə seçilən şəxslərdən təşkil olunmasıdır.
Belə ki, Müsavat Partiyasının yeni başqanı Arif Hacılını qəbul etməyən qüvvələrin yeni ittifaqda birləşməsi Müsavata qarşı dirəniş kimi qəbul edilir. Bu səbəbdən də "Ağ Blok"un təsisi sonuncu qurultaydan sonra ziddiyyətlərin qismən azaldığı Müsavat Partiyasında əsəbləri yenidən tarıma çəkib. İndi daxili ziddiyyətlər söz atışması şəklində boy versə də yaxın gələcəkdə partiya daxilində yeni "təmizləmə işlərinin" start götürəcəyi istisna olunmur. Elə Müsavat təmsilçilərinin son açıqlamaları da bu yöndədir və bütün bunlar növbəti qarşıdurmanın qaçılmazlığını təlqin edir.
Qeyd edək ki, "Ağ blok"da təmsil olunan gənclərin əksəriyyəti Müsavat Partiyasının üzvləridir. Namizədlər sırasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı da var. O, eyni zamanda yeni blokun həmtəsisçisidir.
Müsavatın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlının sözlərinə görə, Tural Abbaslının fəaliyyətində Müsavatın Nizamnaməsinə qarşı zidd məqamlar olacaqsa, partiya strukturlarında tədbir görüləcək. "Bu məsələdə heç kəsə, o cümlədən Tural Abbaslıya güzəşt olunmayacaq".
O qeyd edib ki, hər bir Müsavat üzvü parlament seçkilərində namizədliyinin irəli sürülməsi üçün partiya rəhbərliyinə müraciət etməli və öhdəlik götürməlidir: "Tural Abbaslı da bu cür etməlidir ki, namizədliyi partiyadan irəli sürülsün. Əks halda, parlament seçkilərində Müsavat Partiyasının namizədi kimi tanınmayacaq".
Müsavat başqanının müavini Elman Fəttah da Tural Abbaslının fəaliyyətinə Nizamnamə çərçivəsində baxılacağını bildirib: "Əslində, Tural Abbaslının blok yaratması maraq dairəmizdə deyil. Amma onun fəaliyyəti partiya Nizamnaməsi ilə ziddiyyət təşkil edərsə, bu məsələ müzakirə oluna bilər. Hələ ki, onun hansı istiqamətdə fəaliyyət göstərəcəyi aydın deyil".
"Nə qədər Müsavatın başqanı Arif Hacılıdır, istənilən üzv partiyadan kənarlaşdırıla bilər. Hazırda Müsavatın hər bir üzvü Nizamnaməyə uyğun oldu-olmadı partiyadan xaric edilmə təhlükəsi ilə üz-üzədir". Bunu isə Müsavat rəhbərliyinin "Ağ blok" haqqında dediklərinə münasibət bildirən Tural Abbaslı deyib.
O, yaratdığı blokun fəaliyyətinin Müsavat Partiyasının Nizamnaməsinə zidd olmayacağını qeyd edib: "Təəssüf ki, Müsavat Partiyasının VIII qurultayından sonra Arif Hacılı Nizamnamə ilə deyil, daha çox öz şəxsi qrup maraqları ilə çıxış etdi. O, partiyada şəxsi maraqlarını Nizamnamədən üstün tutur. Bu gün nə etməyimdən asılı olmayaraq, Arif Hacılının qrup maraqlarına uyğun gəlməyəcəmsə, partiyadan uzaqlaşdıracaqlar. Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı belə Nizamnaməyə deyil, Arif Hacılının qrup maraqlarına qarşı çıxarsa, dərhal partiyadan uzaqlaşdırılar. Yəni, mənimlə bağlı yalnız "siyasi" qərar verilə bilər".
T.Abbaslı qeyd edib ki, Müsavat Partiyasının Nizamnaməsində blok, ictimai hərəkat yaratmaqla bağlı qadağa yoxdur: "Müsavatın sabiq başqanı İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin sədridir. Qurum tədbirlərini keçirir, bəyanat yayır. Həmin qurumun fəaliyyəti nə dərəcədədirsə, "Ağ blok"un da fəaliyyəti o cür olacaq".
O eyni zamnda bu il keçiriləcək parlament seçkilərində iştirakla bağlı partiya rəhbərliyinə məlumat verdiyini də xatırladıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22