Evlənənlərin məcburi tibbi müayinəsi acı mənzərə yaratdı
10:28 02-09-2015
CƏMİYYƏT
Nikaha girmək istəyən bəzi gənclərdə ağır xəstəliklər aşkarlandı; çıxış yolu nədir?
Xəbər verildiyi kimi, bu il iyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər məcburi tibbi müayinədən keçməlidirlər. Səhiyyə Nazirliyi bildirir ki, ailə qurmağa hazırlaşan gənclər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçməlidir.
Bununla bağlı tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilib. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin tarixdən indiyə qədər 33412 nəfər tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov mətbuata açıqlamasında bildirib ki, tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən bəzi gənclərdə QİÇS və sifilis xəstəliyi aşkarlanıb. Tibbi müayinədən keçən 7 gəncdə isə talassemiya olduğundan onlara evlənməmək tövsiyə olunub. Lakin onlardan heç biri evlənməkdən imtina etməyiblər.
Baş hematoloq bildirib ki, evlənmək istəyən gənclərdə hər hansı xəstəlik çıxanda onlara məsləhət verilir: "Əgər cütlüyün birində talassemiya aşkar olunursa, heç bir problem olmur. Lakin hər iki nəfərdə talessemiya daşıyıcısı varsa, deməli, onların uşaqları da talassemiya daşıyıcısı ola bilər. Onlara məsləhət verilir ki, mütləq hamiləlik olan kimi Hemotologiya və Transfiziologiya İnstitutuna müraciət etsinlər və orada bütün məsələlər həll olunsun".
Ç.Əsədovun dediyinə görə, evlənməyə hazırlaşan 135 nəfərdə müəyyən xəstəliklər aşkar olunub. "Çox az sayda gəncdə QİÇS və sifilis xəstəliyi aşkar olunub. Həmin gənclər haqqında məlumat SPİD Mərkəzinə gedir və onlar ora yönəldilirlər. İnanmıram ki, həmin cütlüklərdən kimsə evlənməkdə israr etsin. Çünki hamı indi başa düşür ki, evlənsələr, həmin xəstəliyi bir-birinə yoluxduracaqlar".
QİÇS-ə yoluxmuş insanların nikaha daxil olmasının əleyhinə olduğunu deyən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov isə mövzuyla bağlı bildirib ki, bu xəstəlik aşkarlanan insanlara mərkəz olaraq xəbərdarlıq olunur: "Elə insanlar var ki, razı olmur, elələri də var ki, ailə qurmağa israr edirlər. Biz onları nikahdan imtina etməyə məcbur edə bilmərik. İnsan azaddır, istədiyini edə bilər. Lakin biz QİÇS-ə yoluxmuş insana xəbərdarlıq imzalatdırırıq ki, bu xəstəliyə kimisə yoluxdurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və həbs olunacaq. Əgər kimsə şikayət etsə ki, "məni filankəs QİÇS-ə yoluxdurub" və bu, təsdiq olunsa, yoluxduran insan həbs olunur. Bu, artıq cinayət məsuliyyətidir və QİÇS-ə yoluxmuş insan 1 nəfəri bu infeksiyaya yoluxdurubsa, 2 ildən 3 ilə qədər, iki və daha artıq insanı yoluxdurubsa, 8 ilə qədər həbs oluna bilər".
Qeyd edək ki, "Nikah haqqında" qanunun qəbulu ölkədə yayılmaqda olan QİÇS, hemofiliya və talassemiya kimi təhlükəli, genetik xəstəliklərin qarşısını almağa yönəlsə də, bu xəstəlik daşıyıcılarının nikaha daxil olması qanunla qadağan deyil. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də bildirib ki, qanun xəstəlik səbəbindən insanların nikaha daxil olmasını qadağan etmir, bu, şəxslərin ixtiyarına verilir: "Bu tədbirin üstün cəhəti xəstəlikləri barədə tərəflərin məlumatlı olmasıdır".
Orxan
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22