Azad Rəhimovdan müəmmalı gediş
11:21 15-09-2015
CƏMİYYƏT
Akif İsmayılov "xəstəlik" adıyla istefaya göndərildi
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun postunu tərk etməsinə səbəb səhhətindəki problemlər olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Akif İsmayılovun öz istəyi ilə postundan getdiyini deyib: "Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb".
Nazirlik rəsmisinin sözlərinə görə, İsmayılovun yerinə kimin gətiriləcəyi hələ bilinmir: "Hələ həmin vəzifəyə kimin gələcəyi bilinmir. Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək".
Son zamanlar Respublika stadionunun durumuyla bağlı ciddi narazılıqlar vardı.
Qeyd edək ki, hələ ötən ay - "Qarabağ"ın "Seltik"lə Bakıdakı Çempionlar Liqası matçından əvvəl Akif İsmayılova ciddi xəbərdarlıq edildiyini, tezliklə postunu itirə biləcəyi yazılmışdı.
O vaxt bildirilirdi ki, "Seltik"lə oyun planlaşdırıldığı kimi, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ancaq sözügedən arenanın ot örtüyünün bərbad durumda olması vəziyyəti kritik həddə çatdırmışdı.
"Köhlən atlar" UEFA-ya ehtiyat stadion kimi "Bakcell Arena"nı göstərsə də, bir gün sonra həmin arenada "Qəbələ"nin "Apollon"la oyuna çıxması problem yaradırdı. Bir sözlə, o vaxtki durumda "Qarabağ" Respublika stadionuna məhkum idi.
Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı bu, ilk belə hal deyildi. Əvvəllər də dəfələrlə bu arena vacib oyunlardan üzüağ çıxa bilməyib. Bütün bunlar isə görünür, "yuxarılar"ın səbr kasasını daşırıb. Təmirinə kifayət qədər pulların xərclənməsinə rəğmən stadionun vəziyyətinin ürəkaçan olmaması hətta gənclər və idman naziri Azad Rəhimovun da tənqid hədəfinə çevrilməsinə gətirib çıxarırdı.
Üstəlik, zaman-zaman mətbuatda belə suallar özünə yer alırdı ki, Rəhimov hansı səbəbdən Akif İsmayılovun fəaliyyətindəki nöqsanlara göz yumur? Ehtimallar səsləndirilirdi ki, mümkündür bu nazirlə stadion direktoru arasında hansısa gizli işbirliyi ilə əlaqədardır.
Ona görə də indi Akif İsmayılovun səhhətindəki problemlər əsas göstərilərək postundan kənarlaşdırılması həm də gənclər və idman nazirinin qınaqlardan xilas olmaq cəhdi kimi qiymətləndirilir. Belə hesab edənlər var ki, Azad Rəhimov stadion direktorunu istefaya göndərməklə daha çox özünü müəyyən tənqidlərə hədəf olmaqdan yayındırmağa çalışıb.
Bununla belə, heç şübhəsiz Respublika stadionunun külli miqdarda vəsaitlə təmirdən sonra çoxsaylı problemlərlə üzləşməsinin səbəblərinin araşdırılmasına ehtiyac var. Yenidən qurulmasına 10 milyon manat ayrılan Azərbaycanın əsas arenası hesab olunan bu stadionun təmirdən sonrakı açılışından çox keçməmiş xəbər yayıldı ki, media sektorunun giriş hissəsindəki plitələr çöküb. Elə o vaxt bu məqamın özü stadionun təmiri zamanı korrupsiya hallarına yol verilməsinə dair şübhələri daha da qüvvətləndirdi.
Ot örtüyü problemi də uzun müddətdir davam edir. Bu məsələdə də korrupsiya izlərinin olması istisna olunmur.
Bir sözlə, Azad Rəhimov Akif İsmayılovu Respublika stadionunun direktoru postundan kənarlaşdıra bilər, amma bu o demək deyil ki, kifayət qədər iri məbləğlər hesabına yenidən qurulmuş ölkənin baş arenasındakı çatışmazlıqların səbəbləri araşdırılmamalı, müzakirə obyekti olmaqdan çıxmalıdır. Çünki şübhələr kifayət qədər dərin və ciddidir.
Hətta stadionun yeni rəhbəri kim olacaqsa, onun ilk işlərindən biri heç bir basqı altında qalmadan bu səbəbləri üzə çıxarmaq, cavabdehləri müəyyənləşdirmək olmalıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13