Səfirlərimizi xəyanətə sürükləyənlər kimdir?
11:22 15-09-2015
CƏMİYYƏT
Baş nazirin müavini Əli Həsənov "Unikal"ın yazdıqlarını təsdiqlədi: "Biznes qururlar, xəyanət edirlər..."
Son zamanlar Azərbaycan Xarici İşlər Nazirliyinin daxilində baş verən və dövlətçilik adına ləkə gətirən neqativ hallar artmaqdadır. Maraqlıdır ki, ard-arda baş verən diplomat xəyanətləri hansısa zəncirvari prosesin ardıcıl həlqələrini xatırladır. Bu baxımdan baş verənlərin xronologiyasına nəzər salmaq maraqlı olardı.
Hər şey İslam Əməkdaşlıq Təşkilatında çalışan sabiq diplomat Arif Məmmədovun məlum qiyamı ilə başladı. Bu olayın təfərrüatları geniş ictimaiyyətə bəlli olduğundan məsələ üzərində geniş dayanmağa lüzum görmürük. Amma hələ o vaxt çoxları ehtimal edirdi ki, baş vermiş xoşagəlməz olay təsadüfdür və bununla bağlı uzaqgedən nəticələr çıxartmağa ehtiyac da yoxdur. Amma "Unikal" qəzeti olaraq hələ o zaman dəfələrlə yazdıq ki, baş verənlər dövlətçiliyə arxadan saplanan bıçaq mahiyyəti daşımaqla yanaşı, Xarici İşlər Nazirliyində kadrların düzgün seçilməməsinin bariz nümunəsidir. Arif Məmmədovun ardınca anoloji halların şahidinə çevrilməyimiz isə bu qənaətin nə qədər doğru olduğunu bir daha təsdiqləmiş oldu.
Daha sonra Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar və korrupsiya faktları barədə açıqlama yaydıqdan sonra XİN hadisəyə münasibət bildirdi və şikayət edən şəxsin fəaliyyət müddətində xidmətdə yol verdiyi qüsurlara görə işdən qovulduğunu açıqlayıb. Ölkə rəhbərliyinə müraciət edən diplomat isə ölkəyə qayıdacağı təqdirdə həbs ediləcəyini və bu səbəbdən də Avstraliyada qalmağa məcbur olduğunu dedi.
Bundan sonra, nəhayət, xarici işlər naziri Elmar Məmmədyarov sükutu pozmaq qərarına gəldi və baş verənlərlə bağlı danışdı. Nazir Qazaxıstanda bu qalmaqallarla bağlı suala cavab olaraq deyib ki, bütün dövlət qurumlarında olduğu kimi, XİN-də də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf çıxan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görüləcək.
Amma nazirin açıqlamasından dərhal sonra Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluq əməkdaşı Nahid Cəfərovun Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi məsələnin düşünüldüyü qədər sadə olmadığını göstərdi. Baş verənləri təkcə xarici işlər naziri Elmar Məmmədyarovun səriştəsizliyi, idarəçiliyindəki nöqsanlarla bağlamaq da doğru olmazdı. Düzdür, bu faktorlar da var, amma baş verənlərdə xarici təxribat izləri açıq-aşkar görünür. Görünən odur ki, bəzi diplomatlar asanlıqla xarici kəşfiyyat orqanlarının qurduğu tələyə düşür və bu Azərbaycan diplomatiyası üçün ciddi siqnal sayılmalıdır. XİN sistemindəki "qiyam" da Qərbin Azərbaycanla bağlı gizli planlarına bağlanıb. Bunun işartılarını isə gizlətmək mümkün deyil.
Yada salaq: Arif Məmmədovun yanan bina ilə bağlı məmurları tənqid edən məşhur facebook statusu Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin kəskinləşdiyi dövrə - Avropa Oyunları ərəfəsinə təsadüf etdi. Son iki diplomatın xarici ölkələrdən sığınacaq istəməsi də rəsmi Bakı ilə əlaqədar Avropa Parlamentinin sərt qətnaməsi ilə demək olar ki, eyni vaxta təsadüf edir. Bu qədər "təsadüfün" olması isə sadəcə mümkün deyil. Baş verənlərin isə yalnız bir adı var – dövlətinə və xalqına xəyanət!
Ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da "diplomat qiyamı" ilə bağlı "Unikal" qəzetinin hələ prosesə təzə start verilərkən iddia etdiyi xəyanət ehtimalından danışıb. Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentində Almaniyanın 86 deputatından 46-sı, Avstriyanın 17 deputatından 12-si, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatından 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya, İspaniya, İtaliya deputatlarının isə əksəriyyəti Azərbaycanın əleyhinə səs verib: "Bu ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar?"
Ə. Həsənov bildirib ki, Avropa Parlamentində deputatlarla, fraksiyalara işləmək lazımdır: "Bizim bir çox nümayəndə heyəti bəzi ölkələrlə işləməyib, turist kimi gedib gəlib".
Onun sözlərinə görə, hansı ölkədə iş görülüb, o ölkələrin Avropa Parlamentindəki deputatları Azərbaycanı daha çox dəstəkləyib: "Məsələn, Biz Fransanı ermənipərəst dövlət kimi tanıyırıq. Ancaq Fransanın Avropa Parlamentindəki 62 deputatından cəmi 24-ü əleyhimizə səs verib. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada gördüyü işlərin nəticəsidir. Fransadan olan deputatlardan 19-u qətnamənin əleyhinə səs verib, 19 nəfər bitərəf qalıb. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-ı, Polşanın 42 deputatından 7-i qətnamənin lehinə səs verib, qalanları əleyhinə çıxıb. Bu ölkələrdəki səfirlərin fəaliyyəti də qeyd edilməlidir. Digərlərinə gəlincə, səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 2-3 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpusla bağlı ciddi iş görülməlidir".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18