Şok! "Azercell"in sahibi Azərbaycandan gedir
10:48 18-09-2015
CƏMİYYƏT
Ölkənin ən iri mobil rabitə şirkəti təhlükədə!
İsveçin telekommunikasiya nəhəngi TeliaSonera Azərbaycan da daxil olmaqla Avrasiya regionu ölkələrində fəaliyyətini tədricən dayandıraraq bu regionu tərk edəcəyini açıqlayıb. Bu barədə şirkətdən yayılan rəsmi açıqlamada bildirilir.
Açıqlamada deyilir ki, TeliaSonera "Avrasiya" regionunda fəaliyyətini məhdudlaşdıraraq "Avropa" regionuna fokuslanacağını, eyni zamanda İsveçin özündə telekommunikasiya biznesini genişləndirəcəyini bildirir. "Biz "Avrasiya" regionunda fəliyyətimizi ixtisar edərək hansısa müddətdən sonra bu regionu tamamilə tərk etmək prosesini başlatmışıq"- deyə şirkət bəyan edir.
Şirkətin bu qərarının səbəbi göstərilmir. Lakin TeliaSonera son illər Avrasiya regionu ölkələrində ciddi korrupsiya qalmaqalları ilə qarşılaşıb. Bu korrupsiya qalmaqallarına dair hazırda ABŞ və bir neçə Avropa ölkəsində istintaq gedir.
Həmin korrupsiya qalmaqallarına görə səhmlərinin yarıdan çoxu İsveç dövlətinə məxsus olan şirkət ciddi tənqidlərə məruz qalıb.
TeliaSonera şirkətinin "Avrasiya" regionuna Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan və Nepal daxildir. Rusiya bu şərti regiona daxil deyil.
Şirkətin icraçı direktoru Yohan Dennelind bildirib ki, son iki ildə TeliaSonera-nın "Avrasiya" regionundakı şirkətlərində korporativ və etik standartların yüksəldilməsinə dair görülmüş işlər sayəsində bu şirkətlərdə idarəetmə səviyyəsi yüksəlib. "Və indi başqaları bu şirkətləri bizdən sonra uğurla inkişaf etdirə bilər. Biz başa düşürük ki, bu şirkətlərdəki investisiya iştirakından çəkilmək mürəkkəb iş olacaq və vaxt aparacaq. Bu prosesi bir bazardan başlayıb digərində davam etdirəcəyik, çünki hər ölkənin və hər şirkətin öz unikal situasiyası var, ancaq bizim vəzifəmiz regionu tamamilə tərk etməkdir" - deyə Yohan Dennilend bildirib.
"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TeliaSonera şirkətinin Azərbaycan bazarından gedişini faciə saymır". Bunu isə sözügedən nazirliyin tənzimlənmə şöbəsinin müdiri Əliyar Tamirov deyib.
Onun sözlərinə görə, təsisçilər sırasında olan bir şirkətin getməsi mobil rabitə operatoru olan "Azercell" şirkətinin bağlanması demək deyil. "Müqavilə var və onu imzalayanların hər biri həmin sazişin şərt və müddəalarına əməl etməlidirlər. TeliaSonera getməmişdən əvvəl öz səhmlərini yəqin ki, başqa şirkətə satacaq. Bu, abunəçiləri narahat etməməlidir. Bu məsələ səhmdarların daxili problemidir" - deyə nazirlik rəsmisi bildirib.
Bir daha xatırladaq ki, "TeliaSonera" Azərbaycanın ən iri mobil rabitə operatoru "Azercell"in də səhmdarıdır. İndi onun ölkəni tərk etməsinin adıçəkilən mobil operatorun fəaliyyətinə necə təsir edəcəyi maraq doğurur. Düzdür, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin açıqlamasında TeliaSonera-nın ölkəni tərk etməsinin sözügedən mobil rabitə operatorunun fəaliyyətini dayandıracağı anlamına gəlmədiyi vurğulanır.
Amma açıqlamadakı bir məqam da xeyli ilginc və düşündürücü sayıla bilər. Söhbət TeliaSonera-nın Azərbaycandan getməsinin "Azercell" səhmdarlarının daxili problemi hesab edilməsindən gedir.
Onu da deyək ki, hələ bir müddət əvvəl mətbuatda "Azercell"in fəaliyyətinin dayandırıla biləcəyinə dair iddialar yer almışdı. Buna səbəb kimi isə adıçəkilən mobil operatordan şikayətlərin çoxluğu göstərilirdi.
Qeyd olunurdu ki, şirkətin abunəçilərinin şikayətləri ilə bağlı təsirli addımlar atmaması hökumətdə də narazılıqlara səbəb olub. Hətta millət vəkillərinin də "Azercell"dən narazılıqlarının artması bu mobil operatorun başı üzərində "qara buludlar"ın dolaşmağa başlamasının nişanəsi hesab edilirdi.
Bütün bu iddialar fonunda isə "Azercell"in sahibinin ölkəmizi tərk etməsinin hansı nəticələr yaradacağı maraq doğurur. Odur ki, proseslərin bundan sonrakı inkişaf məcrasını gözləyək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44