Ziya Məmmədov Hacıbala Abutalıbova "meydan oxumağa" başladı
10:48 18-09-2015
CƏMİYYƏT
Nəqliyyat Nazirliyi bəzi parkinqlərin ləğv edilməsi üçün hökumət qarşısında məsələ qaldırdı!
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC Bakıda əhaliyə və şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaratdığı üçün bəzi ərazilərdə parkinq yerlərinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bunu adıçəkilən ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, paytaxtın bir sıra avtomobil tunellərinin üzərində qanuni-qanunsuz parkinqlər yaradılıb ki, onlar çox böyük təhlükə mənbəyinə çevrilib: "Parkinq yerlərinin bəziləri qanunsuz, bəziləri isə qanunidir və hətta həmin ərazilərdə parkomatlar quraşdırılıb. Həmin duracaqlarda eyni anda 100-200 avtomobil dayanır. Lakin tunellər inşa edilərkən bu qədər yükə, onun üstündən avtomobillərin duracaqları üçün istifadə edilməsinə hesablanmayıb. Həmin tunellərin içi və üstü sadəcə nəqliyyat vasitələrinin hərəkəti üçün hesablanıb".
A.Nəcəfli qeyd edib ki, düzdür, hələlik bu gün hər şey normaldır. Lakin heç kim zəmanət verə bilməz ki, həmin ərazilərdə hər hansı bədbəxt hadisə baş verməyəcək: "Məsələn, Bakının "Şamaxinka" deyilən ərazisi var. Orada Moskva prospektindəki tunelin üstündə parkomatlar quraşdırılıb və ərazi parkinq kimi istifadə olunur. Lakin o tunel duracaqdakı avtomobillərin ağırlıq yükünə hesablanmayıb. Sabah hər hansı bədbəxt hadisə baş verəndə heç kim orada parkomat quraşdıranlardan hesab sormayacaq. Hamı bizi günahlandıracaq. Başqa ərazilərdə isə tunellərin üstündən qanunsuz parkinq kimi istifadə olunur. Bunlara nəzarət gücləndirilməli və aradan qaldırılmalıdır. Allah eləməsin, heç kim sabah orada hansısa bədbəxt hadisənin baş verməsindən sığortalanmayıb. Bu isə, ilk növbədə, insanların, əhalinin həyatı üçün təhlükə törədir".
O, əlavə edib ki, "Azəryolservis" ASC bununla əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına müraciət ünvanlayıb: "Biz Komissiyaya konkret təklif irəli sürmüşük ki, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadəsi qadağan edilsin. Tunellər hələ ki, yenidir və ona görə də nisbətən dözümlüdür. Lakin tunelin üzərində saxlanılan 100-200 avtomobilin ağırlığı nəticəsində getdikcə həmin tunellərin üstündəki yolların elastikliyi itir. Bir müddət sonra isə tunellər yükün ağırlığına tab gətirməyib dağıla bilər. Bir daha bildirirəm ki, bu sahədə vəziyyət həqiqətən çox acınacaqlıdır və ciddi fəsadları ola bilər".
Qeyd edək ki, paytaxtdakı parkinqlər Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətindədir. Hətta bu parkinqlər paytaxt meri Hacıbala Abutalıbovun biznesi kimi qələmə verilir.
Elə bu səbəbdən də Ziya Məmmədovun nazirliyinin bəzi parkinqlərin ləğvi məsələsini qaldırması iki oliqarx arasında savaş kimi dəyərləndirilə bilər.
Nazirlə mer arasında pakinqlərlə bağlı fikir ayrılığının olduğunu əvvəlki saylarımızda da yazmışdıq. Hətta bu, bir müddət əvvəl Ziya Məmmədovla Abutalıbovun qurumları arasında mətbu "atışmaya" da səbəb olmuşdu.
İndi isə Məmmədovun nazirliyinin bəzi parkinqlərin ləğvi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırması onunla Abutalıbov arasında "parkinq müharibəsi"nin yeni və daha ciddi mərhələyə qədəm qoyduğunu göstərir. Maraqlıdır, Hacıbala müəllimin qarşı tərəfə cavabı necə olacaq? Yəqin ki, bu sualın cavabını uzun müddət gözləmək lazım gəlməyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22