Azərbaycana sığınan erməni QHT rəhbəri Sarkisyan rejimini ifşa etdi
10:53 19-09-2015
CƏMİYYƏT
Vaan Martirosyan: "Məqsədim dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir"
Ermənistanda üzləşdiyi təzyiqlərə görə Azərbaycandan siyasi sığınacaq istəyən erməni QHT-çi Bakıda mətbuat konfransı keçirib.
Azərbaycandan sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç deyib ki, məqsədi Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir. O bildirib ki, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: "Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər". O, Ermənistanda təqiblərə və təzyiqlərə məruz qalmasından da danışıb: "Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı".
Hüquq müdafiəçisi Ermənistanda müxalifətin olmadığını da deyib: "Ermənistanda 5 minə yaxın insan elektrik enerjisi qiymətinin qalxmasına etiraz olaraq Baqramyan prospektini bağladı, bir müddət orda qaldı. Onların çoxunu tanıyıram, heç bir yerdə işləmirdilər. İndi bahalı maşınlar alıblar. Bahalı restoranlara gedirlər. Bizdə müxalifət yoxdur. Sonuncu müxalifət 2008-ci ilin martında özünü göstərdi, qalanı cib müxalifətidir".
QHT-çi onu da deyib ki, Dağlıq Qarabağda cinayətkar qruplar fəaliyyət göstərir. Erməni hüquq müdafiəçisi qeyd edib ki, dəfələrlə Dağlıq Qarabağda olub. "Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplar əsasən İraq və Suriyadan gələnlərdir", - deyə o bildirib.
O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: "Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək". Erməni hüquq müdafiəçisi ordunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də deyib: "Müdafiə naziri Seyran Ohanyan olsa da, əslində heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğinin yarısı Xaçaturyanını cibinə getməsə, o, həmin gecə yatmayacaq".
"Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək. Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə". Bu sözləri Azərbaycandan sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur: "Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. Onlar erməni deyil. Onlar erməniləri sevmirlər". V. Martirosyan erməni xalqının indi yaşadığı kimi yaşamasını istəmədiyini söyləyib: "Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız İrəvanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür".
V. Martirosyan Azərbaycandakı BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin ofislərinə müraciət etdiyini söyləyib: "Xahiş edirəm ki, Ermənistanla hansısa formada əlaqə saxlasınlar. Mənim anam orada qalıb. Həyat yoldaşımın ailəsi var. Bilmirəm, hakimiyyət onlarla necə rəftar edəcək. Onların vəziyyətinin yoxlanılmasını istəyirəm".
Sonda Azərbaycandan sığınacaq istəyən Ermənistan vətəndaşı Vaan Martirosyan bəyanatla çıxış edib. Vaan Martirosyan və həyat yoldaşı Karina Qasparyan tərəfindən imzalanan birgə bəyanatda deyilir: "Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə İrəvanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, Azərbaycan tərəfindən heç bir təzyiqlə qarşılaşmamışam. Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub. Mən "Milli Azadlıq Hərəkatı" vətəndaş təşəbbüsünün rəhbəri olaraq Serj Sarkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalmışıq. Nəhayət, 12 avqust tarixində Serj Sarkiyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mger Sedrakyanın cangüdən və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anam və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib. Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb. Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər. Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq, dərhal Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj Sarkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır".
Məlahət Nəcəfova
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22