Parlament seçkiləri: kim kimdir?
10:57 19-09-2015
CƏMİYYƏT
Bu seçkilərin iki iştirakçısı var - YAP və digərləri; hakim partiya prosesə aşkar üstünlüklə başladı
Artıq parlament seçkiləri, seçkilərdə iştirak edəcək qüvvələrlə bağlı ilkin konturlar müəyyənləşib. Hakim Yeni Azərbaycan Partiyası namizədlər siyahısını açıqladıqdan sonra həm müstəqil namizədlər, həm də seçkidə blok şəklində iştirak edən siyasi partiyalar hərəkətə gəldi. İndi hər kəs gücünü hesablayaraq seçkilərə qatılacağı dairəni müəyyənləşdirir. Prosesin bir qədər sonra daha da maraqlı şəkil alacağı isə şübhəsizdir.
Mərkəzi Seçki Komissiyasının son açıqlamalarına görə, noyabrın 1-də baş tutacaq parlament seçkilərində iştirak etmək üçün 500-dən artıq şəxs öz namizədliyini irəli sürüb. Hər dəfə olduğu kimi bu dəfəki seçkilərdə də əsas mübarizə hakim Yeni Azərbaycan Partiyası ilə müxalifət düşərgəsi arasında gedəcək. Hələlik bu və ya digər sorğu mərkəzləri seçkiqabağı mühiti dəyərləndirmək, seçkilərin favoritini müəyyən etmək məqsədilə rəy sorğuları keçirməsə də, lakin ümumi mənzərə və mövcud situasiya demək olar ki, cəmiyyətə bəllidir.
Qətiyyətlə demək olar ki, Azərbaycanda seçkiqabağı vəziyyət sabitdir və ilkin seçki prosesi də normal məcrada gedir. İstər namizədliklərin irəli sürülməsi, istər imza vərəqələrinin alınması və onların toplanması prosesində hələlik ciddi nöqsanlar aşkar edilməyib. Bunu şərtləndirən başlıca amil isə seçkilərin azad və demokratik şəraitdə keçməsi üçün yaradılan şərait, bu istiqamətdə atılan addımlardır. Düzdür, müəyyən namizədlər imzatoplama kampaniyasının gedişində xırda problemlərlə rastlaşırlar ki, bunu da ümumən seçki prosesinə ciddi şəkildə mənfi təsir göstərəcək hal kimi dəyərləndirmək olmaz. Nəzərə alsaq ki, deputatlığa namizədliyi irəli sürülən və hazırda da imzatoplama kampaniyası həyata keçirən namizədlərin əksəriyyəti müxalifət nümayəndələridir. Onda 1 noyabr seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyini indidən söyləmək olar.
Parlament seçkilərinin ölkənin siyasi həyatı üçün əhəmiyyətli olduğunu hər kəs bilir. Bu, həm daxildəki siyasi çevrələr, həm də Azərbaycanda marağı olan xarici dairələrə aiddir. Məhz ona görədir ki, Azərbaycana parlament seçkiləri ərəfəsində təzyiq göstərməyə, ondan güzəştlər əldə etməyə cəhdlər göstərilir. Məhz bu ərəfədə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qətnamə qəbul etməsi və qətnamədə əsas fikirlərdən birinin də parlament seçkilərinə yönəldilməsi təsadüfi sayıla bilməz. Avropa Parlamentinin bir qədər də irəli gedərək qurumun üzvü olan ölkələrə noyabrın 1-də keçiriləcək seçkilərdə müşahidə aparmaq üçün Azərbaycana nümayəndə göndərməməsi tövsiyyəsində bulunması məsələnin mahiyyətini tam açır. Görünən odur ki, burada başlıca məqsəd Azərbaycan hakimiyyətinə seçkiqabağı təsir göstərmək və ölkədəki əlaltılarının qanunverici orqana düşməsinə nail olmaqdan ibarətdir. Ancaq anti Azərbaycan şəbəkənin bu niyyətinin baş tutacağı qeyri-mümkündür. Çünki onların dəstəklədiyi şəxslərin Azərbaycan cəmiyyətində heç bir dayağı, sosial bazası yoxdur.
Seçkilərdə mübarizə aparacaq partiyalara gəlincə bunlar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, VİP, MDHP, Böyük Quruluş, Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, KXCP, Azadlıq və s. partiyalardır. Seçki mübarizəsinə ən çox sayda qoşulan partiya təbii ki, hakim Yeni Azərbaycan Partiyasıdır. YAP noyabrın 1-də keçiriləcək parlament seçkilərinə 117 seçki dairəsindən namizəd irəli sürüb. Hakim partiya namizədlərinin 25-ni qadınlar təşkil edir. 1993-cü ildən ölkənin siyasi həyatında əsas aparıcı qüvvə rolunda çıxış edən Yeni Azərbaycan Partiyasının 1 noyabr seçkilərindən də qalib ayrılacağı istisna edilmir. Hakim partiyanın qələbəsini şərtləndirən başlıca amillər kifayət qədərdir. Ən əsası hakim partiyanın öz monolitliyini qoruyub-saxlamasıdır. Təsis edildiyi gündən partiyada qurulan düzgün idarəçilik metodu YAP-ın hər ötən il uğurlarının artmasına təkan verən amillərdəndir. Hakim partiya və onun sədri İlham Əiiyevin uğurlu daxili və xarici siyasəti, eləcə də əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər xalq arasında YAP-ın dəstəyinin artmasına təsir göstərən amillərdəndir. Məhz bütün bunlar noyabrın 1-də keçiriləcək parlament seçkilərinin qalibinin Yeni Azərbaycan Partiyası olduğunu söyləməyə əsas verir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18