Həbs növbəsi Cahangir Hacıyevə çatır
10:24 22-09-2015
CƏMİYYƏT
Beynəlxalq Bankla bağlı yeni həbslərin müdhiş pərdəarxası
Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatdan məlum olur ki, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İbrahim Hüseynov, və "İnter Glass" ASC-nin direktoru Fariz Muradov həbs olunublar.
Həbs edilənlər arasında "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis" MMC-nin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor əvəzi Əli Əlişov da var.
Məlumata görə, "Azərinşaatservis" MMC-nin digər strukturlarında da vəziyyət qənaətbəxş deyil.Belə ki, "Azərinşaatservis" MMC-nin direktorluğu tərəfindən idarə edilən "AZINQRUP" ASC (www.azinqrup.az) şirkəti iyun- sentyabr ayı daxil olmaq şərti ilə işçilərin əmək haqqlarını verməyib. Hansi ki, yaxın zamanlarda şirkətə pul vəsaiti daxil olub. Amma rəhbərlik maaşları verməyib.
Bundan əlavə şirkətin daxili bazarda da külli miqdarda borcu yaranıb. Çünki, şirkət rəhbərliyi bazarlardan aldığı müxtəlif təyinatlı tikinti materiallarının pulunu hələ ki, ödəməyib.
Qeyd edək ki, "AZINQRUP" ASC (www.azinqrup.az) şirkəti hal-hazırda - Həzi Aslanov metrosu Sadiqcan kucəsində yerləşir. Şirkət çoxmərtəbəli binaların tikintisi, arxitektura layihələri, müxtəlif təyinatlı obyektlərin bərpası, dizaynın işlənib hazırlanması və monolit binaların tikintisini reallaşdırır.
Hətta dünən yayılan başqa bir məlumatda deyilirdi ki, əmək haqqı ala bilməyən "Azərinşaatservis"in 300 nəfərə yaxın işçisi sentyabrın 18-də Liman şəhərində etiraz aksiyası keçirməyə cəhd edib. Onlar Ələt-Astara yolunu bağlamaq istəyiblər. Bildirilir ki, "Azərinşaatservis" MMC-də əmək haqqı problemi qurumun rəhbəri Mehdi Əliyevin həbsindən sonra başlayıb. Mehdi Əliyev "kredit qalmaqalı"na görə həbs edilib.
Başqa bir iddiaya görə isə hazırda "Azərinşaaservis"in əmlakına həbs qoyulub. Mümkündür ki, Beynəlxalq Bankdan götürülən kreditləri qaytarmaq üçün MMC-nin əmlakı satışa çıxarılsın. İşçilər isə onların da pullarının verilməsini tələb edir. Məlumatlara görə, etiraza çıxan işçilər rəhbəlikdən bir kimsənin onlarla maraqlanmadığını görüb DİN-nin qaynar xəttinə zəng vurublər.
İşçilər bildiriblər ki, Liman şəhəri yaxınlığında Ələt-Astara yolunu bağlamaq fikrindədirlər. Əraziyə Liman şəhərinin polis rəisi, icra nümayəndəsi gəlib. Onlar işçilər və qarşı tərəflə danışıqlar apararaq onları sentyabrın 22-nə kimi gözləməyə razı sala biliblər.
"Unikal"ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, dünən həbs edilən şəxslərin hamısı Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevə yaxınlığı ilə tanınır. Xüsusilə "İnter Security" MMC, "İnter Glass" və "Azərinşaatservis" MMC Hacıyevin biznes imperiyasına daxil olan şirkətlər sayılır.
Daha bir maraqlı məqam isə dünənki həbs dalğasının Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev və Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucovun da "vurmasıdır". Qəzetimizə danışan adının çəkilməsini istəməyən iqtisadçı ekspert bildirib ki, həm Beynəlxalq Bankın sabiq rəhbərinə yaxın şirkətlərin rəhbərlərinin, həm də onun keçmiş yüksək vəzifəli işçilərinin həbsi təsadüfə bənzəmir: "Bu belə bir ehtimalı qüvvətləndirir ki, əslində proseslər Cahangir Hacıyevin özünün həbs olunması istiqamətində cərəyan etməyə başlayıb. Onun həbsi hələ Beynəlxalq Bankın problemli kreditləri ilə bağlı ilk həbslər başladığı dövrdə gündəmə gəlmişdi. Amma sonradan Cahangir Hacıyevin adı ikinci plana keçdi. İndi isə onun nəzarətindəki şirkətlərin rəhbərləri və keçmiş önəmli vəzifə tutan işçilərinin həbsi sabiq bank rəhbəri üçün təhlükəli sürəcin başladığını söyləməyə əsas verir. Mümkündür ki, sözügedən şəxslər əslində alıb qaytarmadıqları və ya təyinatı üzrə xərcləmədikləri kreditlər məsələsində bir nömrəli səbəbkar kimi məhz Hacıyevi göstərəcəklər. Bu isə Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsi üçün zəmin hazırlamağa imkan verəcək".
Maraqlıdır ki, hüquq-mühafizə orqanlarından dünən yayılan məlumatda da xüsusi vurğulanırdı ki, "Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək".
Həmin şəxslər arasında Cahangir Hacıyevin özünün də olması ehtimalı isə hər keçən gün bir az da artır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22