Ziya Məmmədovla bağlı böyük müəmma
10:25 22-09-2015
CƏMİYYƏT
Nəqliyyat naziri türməyə, yoxsa sürgünə göndəriləcək?
Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin sürətlə məhdudlaşdırılması, maliyyə qaynaqlarının qapadılması və nəhayət, qardaşı Elton Məmmədovun deputat mandatı almasına "qırmız işıq" yandırılması göstərir ki, çox yaxın keçmişin ən qüdrətli oliqarxı artıq bataqlıq dövrünə gəlib çıxıb.
Burada əsas məsələ "Z.Məmmədov hansı səhvinə görə cəzalandırılır" sualıdır. Nə baş verdi ki, qılıncının qabağı da, arxası da kəsən, nəqliyyat sektorunu ata malı kimi qohumları arasında bölüşdürən Z.Məmmədov "qara siyahı"ya düşdü? Bu suallara cavab vermək üçün daxil olan məlumatlar hələ yetərli deyil. Ancaq Z.Məmmədovu bitirən kobud səhvin olması mütləqdir. İndiki halda yalnız müəyyən versiyalar yürütmək və sabiq nazirlərin aqibətləri arasında paralellər aparmaqdan başqa yol yoxdur - təbii ki, real səbəblər bilinənə qədər.
Ondan başlayaq ki, Z.Məmmədovun vurulması sabiq iqtisadi inkişaf naziri, 8 il dəmir barmaqlıqlar arasında yatan Fərhad Əliyevin bitirilmə prosesinə daha çox oxşayır. 2005-ci ilin fevralında sənayenin inkişafı ilə bağlı funksiyalar İqtisadi İnkişaf Nazirliyindən alınaraq Energetika Nazirliyinə verildi. 6 ay sonra İİN-in əsas maliyyə qaynağı olan Özəlləşdirmə Departamenti F.Əliyevin nəzarətindən çıxarıldı və müstəqil quruma çevrildi. Və nəhayət, 2 ay sonra "dövlət çevrilişi" ittihamı ilə F.Əliyev həbs edildi və ömrünün 8 ilini türmədə keçirəsi oldu.
Düzdür, məhkəmədə dövlət çevrilişi maddəsi sübuta yetirilmədi və sabiq nazir korrupsiya ittihamı ilə azadlıqdan məhrum edildi. Ancaq sabiq nazirin siyasi ambisiyalarının olması heç kimə sirr deyildi. Bu məntiqdən çıxış etsək, Z.Məmmədovun vurulmasında siyasi amil istisna deyil. Görünür, nəqliyyat nazirinin də hansısa siyasi ambisiyası ciddi qıcıq doğurub və ona qarşı sərt sanksiyalar işə düşüb.
Bu versiyanı qüvvətləndirən başqa bir amil isə Z.Məmmədovun F.Əliyevlə müqayisədə daha sürətlə vurulmasıdır. Əgər F.Əliyevin son 10 ayda cəmi 2 funksiyası əlindən alınmışdısa, Z.Məmmədov cəmi 10 gün ərzində saysız səlahiyyətlərini itirib: taksilərə lisenziya verilməsi ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları" QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib. Beləliklə, Z.Məmmədov sürətlə portfelsiz nazirə çevrlir. Bu da F.Əliyev sindromunu xatırladır - yəni yaxın vaxtlarda Z.Məmmədov işdən çıxarılır və həbs edilir.
Z.Məmmədovun aqibəti müyyən qədər sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin aqibətinə də oxşayır. H.Babayev 2005-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Ancaq cəmi 2 il sonra - 2007-ci ildən başlayaraq sahibi olduğu ABU-holdinqin obyektlərində aramsız vergi yoxlamaları başladı. Təftişin nəticəsi olaraq obyektlər bir-bir əlindən çıxdı. Üstündən 1 il keçəndən sonra işdən, ardınca da ölkədən çıxarıldı. Qısa desək, onu işdən çıxarıb sürgünə yolladılar. Yalnız istisna hallarda (yaxınlarının xeyr-şər mərasimlərində iştirak etmək üçün) qısa müddətli ölkəyə qayıdışına icazə verilir.
Təbii ki, indiki hakimiyyətdə nazir postu tutan, hazırda isə işdən çıxarılan xeyli nazir var ki, onlara bu sanksiyaların heç biri tətbiq edilməyib. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərov Bakıda sakitcə yaşayır, sabiq təhsil naziri Misir Mərdanov institut direktorudur, sabiq müdafiə naziri Səfər Əbiyev dinc təqaüdçü həyatını yaşayır və s. Çünki bu nazirlər sadəcə etimad limitlərini bitirdiklərinə görə işdən çıxarılıblar və hakimiyyətin üst qatında qəzəb doğuracaq heç bir hərəkətə yol verməyiblər.
Görünən budur ki, Z.Məmmədov hansısa kobud səhvə yol verib və indi bunun bədəlini ödəyir. Sonuncu sanksiyanın həbs və ya sürgün olacağı isə yaxın vaxtlarda bilinəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22