Azərbaycan turizmi böhranda!
09:28 29-09-2015
CƏMİYYƏT
Nazirdən etiraf: "Həm gəliş, həm də gediş turizminin həcmi azalıb"
"Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə rahat şəkildə daxil ola bilib. Azərbaycanda viza rejimi artıq çox sərbəstləşib". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycanda bu il gediş turizminin həcmi ötən illə müqayisədə 5-7, gəlmə turizmin həcmi isə 5-6 faiz azalıb. Onun fikrincə, azalmalar Rusiya, Gürcüstan və İranda baş verən proseslərlə bağlıdır: "Dünya ölkələrinə nəzər salsaq, rusiyalı turistlər hər yerdə azalıb. Bu, ölkədə baş verən hadisələrlə bağlıdır. Azərbaycana Avropa, Körfəz ölkələrindən gələn turistlərin sayı artmaqdadır. Əlbəttə, bu, müsbət tendensiyadır".
Nazir əlavə edib ki, Dünya İqtisadi Forumunun son göstəricilərinə görə, Azərbaycanın turizmi dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir: "Bu rəqəm onu göstərir ki, dünyanın inkişaf edən bazarında Azərbaycanın tutduğu mövqe, onun iqtisadi mexanizmləri tanınır və qəbul olunur. Bu, ciddi göstəricidir".
Nazir iddia edib ki, turizm məkanlarında süni şişirmələrin olduğu yerlərdə qiymətlər bizim yoxlamalardan sonra azalıb: "Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz aşağı düşüb".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Azərbaycanda turizm sənayesi antiinhisar, tam sərbəst şəraitdə fəaliyyət göstərən sənaye istiqamətidir. Nazirin fikrincə, qiymətlərin normal olması üçün iqtisadi mexanizmlər bir-birini tamamlamalıdır: "Heç kəs gözləməməlidir ki, cənab prezidentin tamamilə düzgün ifadə etdiyi tənqidlərindən sonra nazirlik əmr imzalayacaq və bütün qiymətlər yüz faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq. Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydınlaşacaq. Lakin yay mövsümünün nəticələri onu göstərir ki, Azərbaycanda hotellərin tutulması həftə axırı minimum 92-93 faiz təşkil edir. Bu, o deməkdir ki, hotellərin hamısı bron edilib və onlardan istifadə olunub. Əgər qiymətlər bahadırsa, onda yerlər necə alınır? Demək, alıcılıq qabiliyyəti mövcuddur ki, o yerlərdən istifadə edilir. Sözsüz, biz də istəyərdik ki, daha aşağı təbəqələr üçün daha ucuz qiymətlər olsun. Bununla bağlı tapşırıqlar verilib. Üçulduzlu hotellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb. Bu məsələ İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm nazirlikləri və icra hakimiyyətləri tərəfindən nəzərə alınır".
Nazir qeyd edib ki, dövlət səviyyəsində turizm sənayesinə böyük dəstək verilir: "Bu yaxınlarda prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin nizamnaməsini və tarixi abidələrin qorunması ilə bağlı yaradılan yeni qurumun əsasnaməsini təsdiq edib, bir necə fərman imzalayıb. Bu fərmanlara uyğun olaraq, turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst aparılması, lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verilib. Həmçinin iki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması tapşırığı verilib".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18