AŞPA-da ermənilərin Azıx mağarasında apardığı qazıntılar məsələsi qaldırıldı
09:29 29-09-2015
CƏMİYYƏT
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə ənənəvi olaraq Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Qrnadakın ötən sessiyadan bəri görülən işlər haqqında hesabatı dinlənilib. O, deputatların müxtəlif suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin daha bir təhlükəli aspektinə - mədəni irsimizin oğurlanması siyasətinə toxunaraq belə bir sualla müraciət etdi:
"Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır.
İşğal altındakı Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət buranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqləri keçirildiyi yerə çeviriblər. İndi isə Ermənistan xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparır, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız indiki əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğuldur.
Nazirlər Komitəsi ona məxsus səlahiyyətlər çərçivəsində xarici şirkətləri və alimləri cəlb etməklə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində, Azıx mağarasında apardığı həmin qeyri-qanuni arxeoloji araşdırmaların dayandırılması üçün hansı addımlar ata bilər?"
Suala cavab verərkən Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Qrnadak bildirib ki, qaldırılan problemi çox vacib hesab edir və öz ölkəsinin nümunəsində bunun nə qədər həssas, siyasi və tarixi əhəmiyyətli olduğunu yaxşı anlayır. Buna oxşar problemlərlə bağlı öz ölkəsinin parlamenti və hökuməti səviyyəsində dəfələrlə müzakirələr keçirildiyini qeyd edən nazir təəssüfünü ifadə edib ki, Avropa Şurası Nazirlər Komitəsində hələ bu məsələyə baxılmayıb.
İ.Qrnadak mədəni və tarixi irsin mənimsənilməsinin, belə qanunsuz arxeoloji tədqiqatların yolverilməz olduğunu söyləyərək üzv ölkələrin hər birinin beynəlxalq konvensiyalara əməl etməyə borclu olduğunu vurğulayıb. Nazirlər Komitəsinin bu istiqamətdə müzakirələr aparmağa hazır olduğunu bildirən İ.Qrnadak bir daha Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün bütün istiqamətlərdə dialoqun ardıcıllığının və dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.
Bu günlərdə Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu deyən İ.Qrnadak Azıx mağarası ilə bağlı Ermənistanın xarici alimləri cəlb etməklə apardığı qanunsuz arxeoloji araşdırmaların da həmin danışıqlarda yer almasının məqsədəuyğunluğu üzərində dayanıb.
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18