Sahibkarların qəniminə çevrilmiş saxta yoxlayıcılarla bağlı araşdırmalar başladı
08:18 01-10-2015
CƏMİYYƏT
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların müraciətindən sonra hərəkətə keçdi...
Ölkə prezidenti İlham Əliyevin sahibkarlara qarşı qanunsuz yoxlamalara və süni əngəllərə son qoyulmasını tələb etməsindən sonra bu sahədə müəyyən addımlar atılıb. Artıq sahibkarlar özlərini daha güvənli hiss edir və qarşılaşdıqları haqsızlıqlarla bağlı müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə işləməyə başlayırlar ki, bu da yalnız alqışlanmalıdır.
Bunun bariz nümunəsi kimi isə sahibkarların konkret şikayəti əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin həyata keçirdiyi tədbirləri göstərmək olar.Xatırladaq ki, son zamanlar bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada "qanunvericiliyin tələblərinin pozulması" barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olur. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, araşdırmalar zamanı özlərini "Fakt Araşdırıcı-N" MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, "yoxlama"nın nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub. Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Nazirlik sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, "Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların diqqətinə çatdırır ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Azərbaycan prezidentinin 2010-cu il 13 aprel tarixli və 2011-ci il 15 fevral tarixli fərmanlarına uyğun olaraq yaradılmış və 1 may 2011-ci il tarixindən fəaliyyətə başlamış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmaqla həyata keçirilməlidir.
Hüquqşünas Rövşən Şirəliyevin bununla bağlı mətbuata bildirdiyinə görə, sahibkarlar ilk növbədə yoxlamanı aparan şəxslərin kimliyi ilə maraqlanmalıdırlar: "Onların hansı orqandan gəldiyi soruşulmalıdır. Yoxlama aparan şəxslərin müvafiq xidməti vəsiqələri üstündə olmalı və onları təqdim etməlidirlər".
Şirəliyev qeyd edib ki, yoxlamanın aparılması üçün əsas sənəd yoxlayıcı orqanın qərarıdır. Həmin qərarda da hansı səbəbdən, hansı əsaslarla, müvafiq qanunvericiliyə istinadən hansı yoxlamaların aparılacağı qeyd olunur. Eləcə də, sahibkara ondan hansı sənədlərin təqdim olunması, yoxlama aparılarkən hüquqları və s. barədə bildirilməlidir. Sahibkar xəbərdar olunmalıdır.
Onun sözlərinə görə, əgər yoxlama orqanı, eləcə də yoxlayıcılar sahibkarın hüquqları və vəzifələri barədə bir bildiriş vermirləsə, bu, artıq düzgün deyil və sahibkar bunu tələb etməlidir. "Hər bir yoxlama zamanı sahibkar öz hüquq və vəzifələrini öyrənməlidir. Bununla bağlı yoxlayıcı tərəfindən müvafiq sənədlər təqdim olunmalıdır".
Hüquqşünas Aynur Musayeva isə deyir ki, əgər sahibkar yoxlamanın qeyri-qanuni olduğundan şübhələnsə, "195-2" Çağrı Mərkəzinə zəng vurub bunu öyrənə bilər. Onların bütün zəngləri yazılır və onlar bütün suallara cavab verir. "Sahibkar bu nömrəyə zəng vurub yoxlamanın əsaslı olub-olmadığını öyrənə bilər. Qeyri-qanuni yoxlamalar barədə hüquq-mühafizə orqanlarına da məlumat verə bilərlər".
Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Qeyd edək ki, qanunda yoxlamaların plan üzrə və plandankənar formalarda aparılması nəzərdə tutulub. Plan üzrə yoxlama həmin sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Plandankənar yoxlama isə yalnız həmin yoxlamanın keçirilməsinə əsas yaradan məsələləri əhatə etməlidir.
Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən, plandankənar yoxlamanın müddəti isə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır.
Qanuna əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18