Milli Məclisinin payız sessiyası başladı
08:20 01-10-2015
CƏMİYYƏT
Bir sıra qanunlar qəbul olundu, yeni təkliflər irəli sürüldü
Dünən Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk plenar iclası keçirilib. Spiker Oqtay Əsədov IV çağırış Milli Məclisin son sessiyasını açıq elan etdiyini bildirib? sonra Dövlət Himni oxunub. İclasın gündəliyinə 39 məsələ daxil edilib.
İclasda "2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə" qərar layihəsi müzakirəyə çıxarılıb. İclasda layihə barədə məlumat verilib, prezidentin narazılığına səbəb olan məqamlar açıqlanıb. Bildirilib ki, qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir. Bundan başqa, qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur. Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cu maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.
Təhsil kreditləri
müzakirəyə çıxarılmalıdır
Bildirilib ki, qeyd olunanlarla yanaşı qanunda "Normativ hüquqi aktlar haqqında" qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib. Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun imzalanmadan geri qaytarılıb. Qərar layihəsi səsə qoyularaq qəbul olunub və qanuna yenidən baxılacağı bildirilib.
Milli Məclisin payız sessiyasının iclasında deputat Əli Məsimli Azərbaycanda orta aylıq əmək haqlarından söz açıb. Bu fonda Əli Məsimli təhsil kreditləri barədə də danışıb: "Azərbaycanda orta aylıq əmək haqqı 500 manatın altındadır. Təhsil haqları isə minimum 1000 manat, maksimum isə 5000 manatdır. Hər təhsil alan 3 tələbədən ikisi ödənişli təhsil alır. Belə hesab edirəm ki, təhsil kreditləri haqqında qanun layihəsinin müzkairəsi bu sessiyada aparılsa yaxşı ola. Bunu vacib hesab edirəm".
KİV haqqında qanuna dəyişiklik təklifi
İclasında parlamentin payız sessiyasında işlər planı müzakirə olunub. Müzakirələr zamanı deputatlar bir sıra təkliflər səsləndiriblər. Deputat Zahid Oruc payız sessiyasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik olunmasını təklif edib: "Cəbhə xətti boyunca baş verən hadisələrin mediaya nəzarətsiz daxil olması informasiya təhlükəsizliyi baxımından əleyhimizə işləyir. Dövlət bununla bağlı sənəd qəbul etsə də, problemlər qalır. Buna görə də KİV haqqında qanunvericiliyə dəyişiklik edilməlidir".
Z.Oruc hər iki valideynini itirən uşaqların təhsil haqqı məsələsinə də toxunub: "Dövlət 23 yaşına qədər hər iki valideynini itirən uşaqların təhsil haqqını öz üzərinə götürdü. Bu, yaxşıdır. Amma gerçəklikdə belə şərait yaranır. O, 23 yaşına qədər bakalavr səviyyəsini bitirir və magistraturaya daxil olur. Bir il orada oxuyur və ikinci ili təhsil haqqı ilə üz-üzə qalır. Qanunda belə əlavə edilsin ki, o şəxslərə təhsilə başladıqları kimi onun bitməsinə qədər kömək etsinlər".
Spiker Oqtay Əsədov isə bildirib ki, hər şey parlamentin qəbul etdiyi qanunla həll edilmir: "Nazirlər Kabineti də var, məşğul olmalıdırlar. Hər şeyi bizimlə bağlamayın".
Deputat Qüdrət Həsənquliyev isə çıxış edərək təklif edib ki, sessiya ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca iclas keçirib, müzakirələr təşkil olunsun. O, müzakirələrə müdafiə nazirini, QHT və digər qurumların nümayəndələrini çağırmağı təklif edib. Çıxışlardan sonra işlər planı səsə qoyularaq qəbul olunub.
Diplomatlara qarşı
sərt qaydalar
Azərbaycan Milli Məclisinin iclasında "Diplomatik xidmət haqqında" qanunun 11.2 maddəsinə əlavə müzakirəyə çıxarılıb. Layihə barədə deputat Azər Kərimli məlumat verib. Bildirilib ki, yeni layihədə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan layihədə bildirilir ki, "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.
Maddənin hazırkı variantı isə belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".
"Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir. Əlavədən sonra 11.2 maddəsi belədir: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər". Layihə səsə qoyularaq qəbul olunub.
Müəllimlərin sosial
ipoteka problemi ilə bağlı çağırış
"Orta məktəb müəllimlərinin böyük bir hissəsi sosial ipotekadan yararlana bilmir, ona görə də bu məsələyə xüsusi diqqət ayrılmasını xahiş edirəm". Bunu Milli Məclisin bu gün keçirilən iclasında Millət vəkili Qənirə Paşayeva deyib.
O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər.
"Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı. Dövlət başçımız cənab İlham Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyyə və tapşırıqları insanlarımız arasında çox yüksək qiymətləndirilir və inanırıq ki, yaxın zamanlarda orta məktəb müəllimlərinin də hərbçilərimiz, elm dalınca gedən insanlarımız və bəzi qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq".
Deputat onu da vurğulayıb ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əmək haqları sosial ipotekadan geniş yararlanmağa imkan vermədiyi üçün onlarla bağlı ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşma mexanizmlərinə ehtiyac var və inanırıq ki, gələn il sosial ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artdığından bu məsələ də həllini tapa biləcək.
Azərbaycanda dövlət orqanlarının, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilib. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərdə əksini tapıb. "Dövlət qulluğu haqqında" qanunun 8.1.1-ci maddəsinə, dövlət orqanlarının təsnifatı ilə bağlı siyahıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin adının da əlavə edilməsi nəzərdə tutulur.
Bundan əlavə, qanunun 11-ci maddəsinə edilməsi nəzərdə tutulan əlavələrə görə isə bundan sonra Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına, Ali Məhkəmənin Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarının bölmə rəhbəri vəzifələri inzibati vəzifələrin ikinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarındakı mütəxəssislər isə inzibati vəzifələrin üçüncü təsnifatına aid ediləcək. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Cinayət Məcəlləsinə
dəyişiklik olundu
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan özbaşına torpaq sahələri ayıranlar ciddi cəzalandırılacaqlar. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə 314-2.1-1 maddəsi əlavə olunması təklif edilib.
Yeni maddəyə görə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə, 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
Daha bir dəyişiklik isə İnzibati Xətalar Məcəlləsində olub. Dəyişikliyə əsasən, Azərbaycanda meşə fondu torpaqlarının özbaşına tutulması ilə bağlı nəzərdə tutulan cəza aradan qaldırılıb. Həmin cəzanın olduğu 70-ci maddədə meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 3 500 manatdan 5 000 manata qədər, hüquqi şəxslər isə 6 500 manatdan 8 000 manata qədər cərimələndiyi qeyd olunmuşdu.
Yeni təklif olunan 88-1.1 maddəyə əsasən isə torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi üçün fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdraında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilir.
Sonda məsələ səsə qoyularaq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18