Fazil Məmmədovun Truskovetsdə müdhiş oteli
10:56 02-10-2015
CƏMİYYƏT
Vergilər nazirinin "Mir" oteli "göz qamaşdırır"
Azərbaycanın iri məmurlarının ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi isə sirr qalır. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil.
"Unikal"a daxil olan məlumatlara görə, xaricdə əmlaka sahib məmurlarımızdan biri də vergilər naziri Fazil Məmmədovdur. Onun Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks oteli var. Həmin otel "Mir" adlanır.
Qəzetimizə bu haqda bildirən mənbənin sözlərinə görə, "Mir"otel Rezort Spa öz dəbdəbəsi ilə sözün həqiqi mənasında "göz qamaşdırır".
Truskovetsin ən yaxşı otellərindən hesab olunan "Mir" oteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu otelə üz tuturlar.
Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında "Presidential suite" ("Prezident stili") kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir.
Eksklüziv dizaynla hazırlanmış "Mirasle suiti" nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.
Ümumilikdə 129 Standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan "Mir" oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz "Mir"ə üz tutmasında müstəsna rol oynayır.
Mənbəmizin dediyinə görə, nazirin otelinin "Hər şey daxildir paketi otağın 7 gündən daha artıq müddətə rezerv edilməsi təqdirində qüvvəyə minir. Bu paket özündə aşağıdakıları cəmləşdirir:
- seçilmiş kateqoriya üzrə otaqda yaşayışın təmin olunması
- gündəlik 3 dəfə yemək. (İsveç stolu) qəlyanaltı,nahar,şam yeməyi.
- həkim-terapevt konsultasiyası
- Med Palas müalicə-diaqnostika mərkəzində təyinatı üzrə müalicə
- basseyn,sauna və trenajor zalından istifadə hüququ
- byuvet mineral sulardan istifadə
Həmçinin Mirotel Rezort SPA otelində aşağıda göstərilən xidmətlər mövcuddur: mərkəzi qidalanma restoranı, barlar, əyləncə klubu (diskoteka,bar,şou-proqram).
SPA: (hovuz, cakuzi, sauna, SPA-Prosedurlar).
Transfer, kimyəvi təmizləmə, ekskursiyaların təşkili və ticarət butikləri də nazirin bu istirahət kompleksinə daxil edilmişdir. Bundan başqa, oteldə bənzərsiz konfrans-servis vardır: konfrans zalları (bütün lazımi avadanlıqla təmin edilmişdir), biznes mərkəzi (faks, kompyuter, çap maşını).
Bir sözlə, nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Bəs bu pulların qaynağı haradır? Əlbəttə, bunu konkret şəkildə demək çətindir. Amma Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsi, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrinin geniş miqyas alması və hətta ölkə başçısının da hökumətin son müşavirələrindən birində bu haqda birbaşa və sərt şəkildə, tənqidi tonda danışması bizə "Mir" otelinin hansı maliyyə mənbəyi hesabına ərsəyə gətirildiyini ehtimal etmək üçün ipucu verir.
Mənbəmiz onu da bildirib ki, F. Məmmədovun sözügedən otelinin xidməti personalı tamamilə əcnəbilərdən təşkil edilib: "Halbuki nazir ora azərbaycanlıları işçi götürməklə bir çox ailənin dolanışığını təmin edə bilərdi. Üstəlik, ölkə başçısı da çıxışlarında bir neçə dəfə Azərbaycandan kənarda yatırım qoyanlara işçi seçimi zamanı öz soydaşlarımıza üstünlük vermək barədə çağırış edib. Bu çağırışa vergilər nazirinin etinasızlıq göstərməsi maraq doğurur. Elə isə biz müstəqil iş adamlarından xaricdəki sərmayələrində azərbaycanlı işçilərə üstünlük verməyi necə gözləyə, bunu onlardan necə tələb edə bilərik?!"
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18