Respublika Prokurorluğu işçilərinin peşə bayramı qeyd olundu
11:05 02-10-2015
CƏMİYYƏT
Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar və rütbə dərəcələri təqdim edib
Baş Prokurorluqda "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik etib. Xüsusi vurğulanib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2015-ci il tarixli Sərəncamları ilə prokurorluq orqanlarının bir qrup əməkdaşı yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülmüşdür. Prokurorluq işçilərindən 25 nəfəri "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmiş, 4 nəfərinə isə "III dərəcəli dövlət ədliyyə müşaviri" ali xüsusi rütbələri verilib.
Qeyd edilib ki, dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir.
2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 631 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 56 faizini təşkil etməsi, növbəti müsabiqədən müvəffəqiyyətlə keçmiş 25 gənc mütəxəssisin prokurorluq orqanlarına işə qəbul olunması ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlət başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.
Bildirilib ki, Prezident cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik bir addım olub. Üç illik müddət ərzində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.
Azərbaycan Prokurorluğu orqanları ötən müddət ərzində ilk növbədə Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin etib. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma effektiv nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan verib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.
Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılmış, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılmış, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilmiş, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və sair tədbirlər korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilib.
Sonda Baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar və rütbə dərəcələri təqdim etib. Mərasimin sonunda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı cənab İlham Əliyevə müraciət qəbul edilib.
O.Həsənli
Digər Xəbərlər
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37