Cahangir Əsgərovun postuna böyük təhlükə
12:03 03-10-2015
CƏMİYYƏT
AZAL-ın özəlləşdirilməsi təklifi parlament səviyyəsinə çıxdı
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) özəlləşdirilməsi barədə təkliflər artıq get-gedə daha ucadan səslənir. Bu təklif dünən Milli Məclisdə də dilə gətirilib.
Belə ki, deputat Zahid Oruc gələn ilin büdcə layihəsinin müzakirəsi ilə bağlı parlament komitələrinin birgə iclasında Cahangir Əsgərovun rəhbəri olduğu QSC-nin özəlləşdirilməsi təklifini səsləndirib: "AZAL-la bağlı demək istəyirəm ki, bu quruma dotasiyalar ayrılır. Amma artıq AZAL özəlləşdirilməlidir".
Deputatın xeyli vaxtdır KİV-də müxtəlif iqtisadçılar tərəfindən də intensiv şəkildə səsləndirdiyi bu təklifə hökumətdən rəsmi reaksiya isə özünü çox da gözlətməyib. Belə ki, bu təklifə maliyyə naziri Samir Şərifov səviyyəsində reaksiya verilib. ""Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin özəlləşdirilməsi ideyası uğurlu olmayacaq" deyə maliyyə naziri bildirib.
Samir Şərifov daha sonra əlavə edib: "Özəl hava şirkətləri uğurlu deyil. Çünki özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır".
"Məsələn, ABŞ-da üç belə şirkət var. Onlara daim hökumət tərəfindən yardım edilir. Digər, nisbətən orta ölkələrdə isə həmin şirkətlər subsidiyaların köməyi ilə fəaliyyət göstərir", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, AZAL-ın özəlləşdirilməsi bir müddətdir müzakirə olunur. Əksər iqtisadçı-ekspertlər Cahangir Hacıyevin rəhbərlik etdiyi şirkətin özəlləşdirilməsini həm hava nəqliyyatında həm xidmət səviyyəsinin artırılmasına, həm də uçuş biletlərinin qiymətlərinin normallaşmasına gətrib çıxaracağını düşünür.
Məsələn, üç ay öncə tanınmış iqtisadçı Vüqar Bayramov mətbuata açıqlamasında demişdi ki, AZAL ən cüzi vergi öhdəliklərini yerinə yetirə bilmədiyindən onun səhmləri satışa çıxarılmalıdır. Ekspertin sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC-nin təyyarə biletlərinin qiymətini aşağı sala bilməməsi, bəzi reysləri təxirə salması AZAL-ın idarəetmə xərclərinin çoxluğundan xəbər verir. Odur ki, AZAL-ın səhmələri satışa çıxarılmalıdır: "QSC subsidiyalı, güzəştli yanacaq alır, amma qiymətlər hələ də baha olaraq qalır. Buna görə də AZAL-ın özəlləşdirilməsinə heç də fiksal deyil, daha çox sağlamlaşdırma aspektindən yanaşılmalıdır. Çünki özəlləşdirmə yolu ilə dövlət büdcəsinin gəlirlərinin artırılması qısamüddətli dövrü əhatə edəcək. Yəni özəlləşdirmə oldu, dövlət büdcəsinə vəsaitlər daxil oldu və bitdi. Lakin növbəti mərhələdə həmin şirkət yalnız vergi verməklə dövlət büdcəsinə töfhə verə bilər. AZAL-ın özəlləşdirilməsi dövlət büdcəsinin gəlirlərinin artırılması deyil, şirkətin sağlamlaşdırılması, çevik idarəetmənin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan AZAL-ın səhmlərinin 49% satılması, səhmlərin 51 % -nin isə dövlətdə qalması daha yaxşı olar və dövlət AZAL-da dominantlığını qoruyub saxlayar".
Başqa bir tanınmış iqtisadçı Natiq Cəfərli də bir müddət əvvəl AZAL-ın özəlləşdirilməsinin vacibliyini dilə gətirib. O, Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin rentabelli olmamasından tutmuş uçuş qiymətlərinin yüksək olmasınadək çoxsaylı problemlərdən danışarkən deyib ki, bütün sadalanan problemlərin kökündə inhisarçılıq durur, onların yeganə həll yolu isə hava nəqliyyatında rəqabətli mühitin yaradılması, "AZAL"-ın rəqiblərinin bazara birbaşa çıxışının təmin edilməsidir: "Nə qədər ki, rəqabət mühiti olmayacaq, "AZAL" inhisarçı mövqeyindən istifadə edərək bazarda istədiyi kimi fəaliyyət göstərəcək. Əks təqdirdə, baha qiymətlərlə belə tələbat varsa, niyə qiymətləri aşağı salsın? Əgər bazarda başqa rəqibləri olsa, o zaman biletlərin satılmadığını görüb qiymətləri aşağı salacaq. Bəlkə də AZAL özəlləşdirilməlidir. Amma indiki halda özəlləşdirmə də çıxış yolu deyil. Hava alanının idarə edilməsi "AZAL"ın əlindən alınmalıdır. İdarəçilikdə çeviklik yaradılandan sonra sözügedən şirkətin özəlləşdirilməsinə getmək olar".
"AZAL"ın özəlləşdirilməsinin ölkənin turizm sektorunun dirçəldilməsinə, eyni zamanda bu qurumun büdcəyə ödəmələrinin kəskin artacağına gətirib çıxaracağını düşünən ekspertlərin özəlləşdirmə təklifinin artıq Milli Məclis kulislərində dilə gətirilməsi onun yüksək dairələrdə də müzakirə predmetinə çevrildiyinin göstəricisidir.
Özəlləşdirmə təklifi reallaşarsa, bunun ən böyük zərbəsinin AZAL prezidenti Cahangir Əsgərova dəyəcəyi şübhə doğurmur. Adıçəkilən qurumun səhmlərinin satışa çıxarılması Əsgərovun da postunu itirməsinə gətirib çıxaracaq.
Onu da deyək ki, AZAL prezidentinin vəzifəsindən uzaqlaşdırılacağı yönündə xəbərlər son günlər yenidən intensivləşib. Bu mövzuda dünən yayılan yeni məlumata görə, arlament seçkisindən dərhal sonra, hətta ola bilsin ki, seçkiyə qədər 2 nazir və bir iri ranqlı məmur vəzifəsi ilə vidalaşacaq. Həmin iri ranqlı məmur isə məhz Cahangir Əsgərovdur. "O artıq de-fakto karyerasını bitirib. Onunla bağlı fərman an məsələsidir" deyə məlumatda iddia olunur.
Həm bu xəbər, həm də AZAL-ın özəlləşdirilməsi yönündə təkliflərin ciddiyyətinin artması Cahangir Əsgərovu karyera baxımından qarşıda çox çətin günlərin gözlədiyinə işarədir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18