Heydər Əliyev Fondunun eşitmə problemi olan uşaqlar üçün proqramının həyata keçirilməsinə başlanıb
14:37 06-10-2015
CƏMİYYƏT
Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb
Heydər Əliyev Fondu tərəfindən "Koxlear implantasiya" proqramının həyata keçirilməsinə başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb. İşçi qrup 2015-ci ilin avqust ayından etibarən eşitmə qüsuru olan 250-dən artıq uşağı pulsuz müayinə edib. Müayinələr nəticəsində 80 nəfər üzərində koxlear implantasiya əməliyyatının keçirilməsinə qərar verilib, 70 nəfərin isə eşitmə aparatına ehtiyac olduğu müəyyən edilib.
"Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri, tibb müəssisələrinin inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatların aparılması, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin dəstəklənməsi bu gün öz müsbət nəticələrini göstərməkdədir," - deyə Fondun icraçı direktoru Anar Ələkbərov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ildən etibarən başlanılmış eşitmə qüsurlu şəxslər, xüsusən də azyaşlı uşaqlar arasında "Koxlear implantasiya" proqramı çərçivəsində paytaxt və regionlardan eşitmə qüsuru olan şəxslər üzərində pulsuz müayinələr aparılmış, mütəxəssislər tərəfindən əməliyyata təyinat alan eşitmə qüsurlu şəxslərə implant qoyulması qərara alınmışdır. "Artıq oktyabrın 5-dək 26 nəfər əməliyyat edilib və bu şəxslər bir illik müddətində Fondun dəstəyi ilə reabilitasiya kursuna cəlb olunub" - deyə, Anar Ələkbərov bildirib.
Koxlear implantasiya əməliyyatı edilən 26 nəfər əsasən 1-6 yaş arasındadır, bir nəfər isə 18 yaşındadır. Bu uşaqlar uğurla əməliyyat olunub, onlarda eşitmə sinirindən impuls alınıb.
Anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Raqibin anası Aygün Rəşidli əməliyyatdan razılığını bildirir: "Biləndə ki, uşaq eşitmir, həkimə müraciət etdik. Bizə Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu uşaqlar üzərində koxlear implantasiya əməliyyatlarının aparıldığını bildirdilər. Sağ olsunlar həkimləri, uşağı müayinə etdilər və əməliyyata qərar verdilər. Əməliyyat uğurla keçdi. Başda Mehriban xanım olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm".
İki yaşlı Fatimənin anası Məryəm Ağabalayevanın da sevinci hədsizdir. O, da sevincini bölüşür: "Uşaq 11 aylıq olanda, xəbər tutduq ki, eşitmir. Həkimlər problemin həllini implantasiya əməliyyatında görürdülər, buna isə imkan yox idi. Heydər Əliyev Fonduna məktub yazdıq. Tezliklə cavab gəldi. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Koxlear implantasiya" proqramından biz də yararlandıq. Əməliyyat yaxşı keçib. Həkimlər deyirlər ki, uşağın eşitməsi 2 aydan sonra bərpa olunacaq. Buna görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm".
Koxlear implantasiya eşitmə qüsurlu olan şəxslərin tam sosial adaptasiyasına yönəlmiş bir proqramdır. İmplantlar anadangəlmə və qazanılmış eşitmə qüsuru olan insanlara tətbiq edilir. Əməliyyat 3 mərhələdə - pasiyentin hərtərəfli müayinədən keçməsi, cərrahi əməliyyat və reabilitasiya mərhələlərində həyata keçirilir. Müayinə zamanı eşitmə qüsurunun səbəb və dərəcəsi, eyni zamanda implantasiyanın sonrakı səmərəlilik dərəcəsi müəyyən edilir. Koxlear implantasiya ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Koxlear implantasiyada qulağın xarici hissəsinə mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü qoşulur. Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır. Koxlear implantasiya nəticəsində tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilir. Mütəxəssislər erkən yaşlarda aparılan əməliyyatların daha səmərəli nəticələr verdiyini və bu şəxslərə əlilliyin yaranma səbəbinin aradan qaldırıldığını qeyd edir.
Oktyabrın 5-də isə daha 2 uşağın üzərində implantasiya əməliyyatı aparılıb. Zümrüd Bədirzadə 1 yaş 3 aylıq oğlu Səidin implantasiya əməliyyatı sayəsində dünyanın səslərini eşidəcəyinə ürəkdən inanır: "Oğlum vaxtından əvvəl doğulub. Üç aylığında isə xəstələnib və çoxlu antibiotiklər qəbul edib. Bəlkə də, bütün bunlar onun eşitməsində problemlər yaradıb. Müayinədən sonra əməliyyatı məsləhət gördülər. Fikirləşirdik ki, pulu haradan tapaq. Heydər Əliyev Fondunun bu proqramı üzrə müraciət etdik. Siyahıya aldılar. Bu gün isə əməliyyat olunacaq. Nəinki ümid edirəm, dəqiq bilirəm ki, əməliyyatdan sonra oğlum eşidəcək".
Bu gün keçirilən hər iki əməliyyat Vilnüs Tibb Universitetinin professoru Yevgenyus Lessinskas tərəfindən həyata keçirilir. O, bir çox ölkələrdə koxlear implantasiyanın aparılması üzrə milli proqramlarda iştirak edir. Bundan əlavə, bu əməliyyatların keçirilməsində Rumıniya, Moldova, Liviya, Özbəkistan, Qazaxıstan, Latviya və digər ölkələrdə təcrübə qazanıb. Bakıda olmağından məmnunluğunu ifadə edən litvalı alim Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanda bu əməliyyatların aparılmasının mümkünlüyünü bildirib. Bununla da eşidə bilməyən uşaqlara cəmiyyətin normal üzvləri olmağa yardım edəcəyinə düşündüyünü deyib. Azərbaycanda Fondun dəstəyi ilə pulsuz müayinə və əməliyyatların keçirilməsinin böyük uğur olduğunu qeyd edən litvalı həkim bu təcrübənin səmərəli nəticə verməsinin əsasən yaş faktorundan və valideynlərin uşaqlarda bacarıq yaratma vərdişlərindən asılı olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda həyata keçirilən koxlear implantasiya zamanı ilkin mərhələdə 100-dək şəxs üzərində əməliyyat aparılması və həmin şəxslərin reabilitasiya kursundan keçirilməsi nəzərdə tutulub. Bu proqramın icrası nəticəsində qeyd olunan şəxslər eşitmə və danışma qabiliyyətini bərpa etmək imkanı qazanacaq.
F.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18