Arzu Nağıyev: "Bu gün Azərbaycanın geosiyasi vəziyyəti, eləcə də erməni təcavüzü belə deməyə imkan verir ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı əməliyyat şəraiti daima nəzarətdə saxlanmalıdır"
Azərbaycan hüquqi dövlət quruculuğu istiqamətində növbəti addımını atmağa hazırlaşır. Belə ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək və bu proses özlüyündə Azərbaycanın dövlətçiliyinə müsbət istiqamətdə təsirini göstərəcək. Çünki illər boyu istər icraedici strukturlarda, istərsə də qanunvericilik strukturlarının dinc və seçkilər yolu ilə formalaşması mühüm amildir və bu Azərbaycanın dövlət quruculuğuna böyük töhfədir.
Bundan başqa builki parlament seçkiləri həm də ona görə diqqəti cəlb edir ki, vətəndaş cəmiyyətləri prosesdə aktiv iştirakçıya çevrilib. Belə ki, vətəndaş cəmiyyətləri bir tərəfdən parlament seçkilərinin gedişatına nəzarət edirsə, digər tərəfdən isə vətəndaş cəmiyyətinin aktivləri seçkilərdə namizəd kimi iştirak edirlər. Bu isə kifayət qədər xoş bir haldır və bunun özü sübut edir ki, Azərbaycanda vətəndaş cəmiyyəti kifayət qədər güclüdür və proseslərin aktiv iştirakçısına çevrilə bilir. Amma çox təəssüflər ki, seçkilər öncəsi bir sıra xarici qüvvələr Azərbaycana problemlər yaratmağa çalışır, vətəndaş cəmiyyətinin parçalanması üçün əllərindən gələni edirlər. "Seçkiöncəsi müəyyən xarici qüvvələr Azərbaycana problem yaratmağa çalışacaqlar". Bunu "Unikal"a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktından sonra Azərbaycanda parlament seçkiləri öncəsi ictimai asayişin və təhlükəsizliyin qorunmasının təmin edilməsinin vacibliyi məsələlərini şərh edərkən deyib.
A.Nağıyev qeyd edib ki, Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkiləri noyabrın ilk gününə təsadüf edəcək. Məlumdur ki, bu il iyunun 7-dən başlayan seçki marafonu bitmək üzrədir və həmin gündən başlayaraq Türkiyə ərazisində 150-dən çox terror aktları həyata keçirilib və təəssüf ki, bunların hamısı insan itkisi ilə nəticələnib: "Bu şənbə baş verən terror aktı isə bütün bunların ən ağırı oldu. Dinc əhaliyə qarşı törədilən belə bir vəhşilik nəticəsində 100-ədək həlak olan və təxminən o qədər də yaralı var. Onu törədənlərin hansı terror təşkilatının üzvü olub-olmamasından asılı olmayaraq, fakt odur ki, bu hadisə siyasi motivlərlə, o cümlədən seçkilərlə bağlıdır. Düşünürəm ki, burada təhlükəsizlik orqanlarının da, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının da öz işlərini düzgün qura bilməməsi göz qabağındadır".
Parlament seçkilərinə hazırlaşan Azərbaycanda da xoşagəlməz hadisələrin baş verə bilməsi ehtimalına gəlincə, ekspert hesab edir ki, Azərbaycandakı vəziyyət Türkiyədəkindən bir qədər fərqlidir: "Çünki Türkiyədə seçkilərdə iştirak edən partiyalardan PKK kimi terror təşkilatı və radikal dini qurumlarla əlaqəli olan və onların dəstəyi ilə siyasi arenaya gətirilən qüvvələr var. Bu gün Türkiyə hakimiyyəti PKK-ya, İŞİD-ə qarşı antiterror əməliyyatları aparır və bu da təbii ki, həmin qüvvələri qıcıqlandırır və onlar bunun qarşılığında əks addımlar atırlar. Yəni bugünkü iqtidar PKK-ya qarşı apardığı antiterror əməliyyatları ilə özünün elektoratını gücləndirir. Nəticə isə bu cür bitir.
Azərbaycanda isə seçkidə iştirak edən siyasi partiyalar və namizədlər arasında öz radikallığı ilə seçilən qüvvələrin təmsilçiləri yoxdur. Lakin bu, o demək deyil ki, tam rahat olmaq lazımdır. Bu gün Azərbaycanın geosiyasi vəziyyəti, eləcə də erməni təcavüzü belə deməyə imkan verir ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı əməliyyat şəraiti daima nəzarətdə saxlanmalıdır. Silahlı Qüvvələrimiz, hüquq-mühafizə və xüsusi xidmət orqanları həvalə edilən sahədə işini mükəmməl qurmalı və gücləndirilmiş iş rejiminə keçməlidir. Belə ki, parlament seçkilərini bəhanə gətirərək düşmən qüvvələr hər cür təxribata əl ata bilərlər. Bu, həmçinin cəbhə bölgəsinə, sərhədyanı rayonlara, təbii ki strateji obyektlərə, seçki məntəqələrinə də aiddir. Əlbəttə, əhalidən də çox şey asılıdır. Düşünürəm ki, bu gün Azərbaycanda hüquq-mühafizə və digər orqanlar bu seçkilərdə təhlükəsizlik məsələləri ilə bağlı lazımi müvafiq tədbirləri həyata keçirirlər".Bu arada aydın oldu ki, artıq Azərbaycanda problem yaratmağa çalışanların sırasında ATƏT kimi təşkilatın da müəyyən qanadları iştirak edir. Belə ki, ATƏT-in baş katibi Lamberto Zanyer Azərbaycanla bağlı xoşagəlməz açıqlamalar verib. Onun ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən "Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurur" fikrini səsləndirməsi rəsmi Bakıda narazılıq doğurub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev açıqlamasında Lamberto Zanyerin fikrinə belə münasibət bildirib:
"ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, Azərbaycan tərəfindən 14 iyul 2015-ci il tarixində 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərilib. DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış Ehtiyacların qiymətləndirilməsi hesabatına münasibətdə Xarici İşlər Nazirliyi tərəfindən rəsmi məktubla Azərbaycanın razı olmadığı məqamlar üzrə əsaslandırılmış cavab ATƏT DTİHB-ə təqdim olunub. Məktubda Azərbaycan tərəfindən Ehtiyacların qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmış bəzi məqamların düzgün və əsaslandırılmış olmadığı və ATƏT məkanında mövcud seçki praktikasına uyğun olaraq, müşahidəçilərin sayının ölkə əhalisi, seçici və seçki dairəsinin sayına mütənasib və rasional olmalı olduğu vurğulanıb. Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib.
Məntiqi izah vermək əvəzinə ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub.
1992-ci il Helsinki sənədinə əsasən ATƏT/DTİHB-in əsas rolu üzv dövlətlərə insan hüquqları ölçüləri üzrə öhdəliklərinin həyata keçirilməsinə yardım etməkdir. 1994-cü il ATƏT-in Budapeşt sammitinin qərarına görə isə ATƏT/DTİHB-in məşvərətçi funksiyaların yerinə yetirilməsinə dair rolu müəyyən edilib. Budapeşt sənədində deyilir: "DTİHB fəaliyyətdə olan sədr ilə məsləhətləşərək və məşvərətçi rolunda çıxış edərək, Daimi Şuranın müzakirələrində iştirak edir və həyata keçirilmiş məsələlər üzrə məlumat təqdim edir. Fəaliyyətdə olan sədr ilə sıx məsləhətləşmə şəraitində DTİHB-in rəhbəri növbəti addımları təklif edə bilər".
Göründüyü kimi, ATƏT/DTİHB-in fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşmə aparmadan birtərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi halda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir. Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsasız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır.
Seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur.
ATƏT-in fundamental sənədlərinə və mandatına uyğun olaraq, DTİHB sözügedən məsələ üzrə fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşərək, ATƏT-in Daimi Şurasına konstruktiv təkliflər verməlidir.
Azərbaycan ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Parlament seçkilərinin müşahidə edilməsi üçün ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir".
Beləliklə hər gün bir daha aydın olur ki, Azərbaycanda demokratik proseslərin gedişatı, hüquqi dövlət quruculuğu və bu proseslərdə vətəndaş cəmiyyətinin aktiv iştirakı bir sıra qüvvələri narahat edir və bunun qarşısını yalnız özümüz kəsə bilərik.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01