Bakıdan Batumiyə gedən turistlər istirahət əvəzinə turizm şirkəti əməkdaşlarının ağlasığmaz cinayətlərinin qurbanı olublar.
Unikal.org xəbər verir ki, criminal.az-a daxil olan məlumata görə, Bakıda fəaliyyət göstərən İnTravel səyahət şirkəti Batumiyə apardığı turistləri yolda qoyub.
Şirkət 50 nəfərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə aparıb. Bütün problemlər Qara dənizin sahillərində yerləşən bu şəhərə çatdıqdan sonra baş verib. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. Turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan Larisi məbləğində pulu uduzublar.
Hazırda isə ödəniş edilmədiyi üçün otellər həmin turistləri qəbul etmir. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina edirlər. Vəziyyətin belə olduğunu görən turistlər bələdçilər barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.
Məsələ ilə əlaqadar İnTravel şirkəti ilə əlaqə saxladıq. Telefon zəngimizə şirkətin xanım əməkdaşlarından biri cavab verdi. O, Batumidə baş verən hadisə ilə bağlı heç nə deyə bilməyəcəyini bildirərək telefonu qapatdı. Hazırda isə şirkətin Batumiyə apardığı 50 nəfər turistin taleyi sual altında qalıb.