Bakının mərkəzi küçəsində qəribə polis-vətəndaş insidenti yaşanıb. Belə ki, Səbail rayonu Nizami küçəsində, "Fəvvarələr meydanı" adlanan yerdə polislə gənclər arasında mübahisə düşüb. Səbəb isə dünənə qədər həmin ərazidə velosiped sürüldüyü halda bu gün xeyli gəncin velosiped sürdüyü üçün Post Patrul Xidməti əməkdaşları tərəfindən cərimələnməsi olub. PPX baş leytenantı, polis çavuşu və iki nəfər mülkişəxs paytaxtın mərkəz hissəsində velosiped sürən gəncləri heç bir qəbz təqdim etmədən 30 AZN cərimələyib. Gənclər bunun səbəbini soruşduqda suallarına cavab vermək əvəzinə polis baş leytenantı "Polisə müqavimət göstərmə, təzə qanundur, istəsəm, 60 AZNdə yazaram" deyərək vəziyyəti gərginləşdirib. Hətta zabitin əmri ilə mülkişəxslər tərəfindən PPX maşınına doğru aparılan gənc velosipedçilər son anda razılığa gələrək cəriməni ödəyəcəklərini bildiriblər.

Unikal.org xəbər verir ki, bununla bağlı cebhe.info-ya danışan yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı bunu bir neçə gün öncə velosipedlə vurulduqdan sonra baş vermiş ölüm hadisəsi ilə əlaqələndirib: "Maraqlı məsələdir. Birinci dəfədir rast gəlirəm. Qanunla velosiped üçün nəzərdə tutulmayan yerdə velosiped sürmək olmaz. Velosiped üçün xüsusi yerlər olmalıdır, amma bunlardan biri, velosiped sürmək üçün xüsusi zolaq yoxdur. Velosiped yolu olmadığı üçün insanlar harda və necə gəldi sürürlər ki, bu da düzgün deyil. Velosipedin hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə idarə edilməsi orada istirahət edən insanlara mane olur və təhlükə yaradır.
Velosiped sürənlər də qayda-qanunlara əməl etməlidir. Velosiped harada gəldi sürmək üçün nəzərdə tutulmayıb. PPX əməkdaşının cərimə yazması halı da tam qanunauyğundur. İctimai qayda pozuntusuna Post Patrul Xidmətinin əməkdaşları da nəzarət edə bilər. O ki qaldı indiyə qədər niyə o qanunların tətbiq edilməməsinə, hesab edirəm ki, bir neçə gün bundan qabaq velosiped vurması nəticəsində Bərdədə bir qadının dünyasını dəyişməsi hadisəsi belə bir qəti addımın atılmasına təkan verib. Velosiped sürənlərin piyadaların hərəkətinə mane olduğu üçün tətbiq edilən cəriməsi isə 40 AZN təşkil edir".