"Bu ilin birinci rübündə Bakıda 238 sulu zirzəmi aşkarlanıb".

Unikal.org-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu gün keçirilmiş mətbuat konfransında deyib.

Z.Kazımovun sözlərinə görə, həmin sular zirzəmilərə adətən qurunt suları və kanalizasiya xətlərinin nasazlığı səbəbindən yaranan qəzalar zamanı dolub.

O bildirib ki, zirzəmilərdən götürülən su nümunələri qurumun laboratoriyalarında analiz olunur: " Suyun mənşəyini aydınlaşdırmaq və hansısa xəstəliklərə səbəb olub olmamağını araşdırmaq bizim işimizdir. İşimizi bitirdikdən sonra laborator analizlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflərimizi göndəririk".

Z.Kazımov qeyd edib ki, bu cür hallar Bakının əksər rayonlarında qeydə alınır: "Ən çox Qaradağ və Xətai rayonlarında sulu zirzəmilərə rast gəlinir. Belə hallar daha çox 9 mərtəbəli hündür binaların zirzəmilərində müşahidə olunur. Hansı ki həmin binalar sovet vaxtında inşa olunub və orada demək olar ki, kommunikasiya xətlərinin təmiri aparılmayıb".