Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, günün ikinci yarısında keçirilən prosesdə C.Hacıyev ifadə verib. O, saxlanılma şəraitindən narazı olduğunu bildirib: "Xahiş edirəm ki, bu məsələlərə qanun çərçivəsində baxılsın. Cinayət işini Baş Prokurorluğunun əməkdaşlarının aparılmasını istəyirəm". O, qətiyən özünü təqsirli bilmədiyini deyib.
Daha sonra C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. O, ailə üzvlərinin adına 16 plastik kartla kredit ayrılmasını etiraf edib: "Ailə üzvlərim həmin kredit kartlardan istifadə edib".
Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.