Dünən Bakı bulvarında Binəqədi rayon sakini olan 47 yaşlı Müşfiq Kələntərovun özünü dənizə ataraq intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org lent.az-a istinadən məlumatına görə, M.Kələntərov Bibiheybət yolu 6 ünvanının qarşısında, Su İdman sarayı istiqamətində, «Enerji klub»un yanında özünü dənizə atıb. Hadisə şahidləri bildirib ki, o, qaça-qaça dəniz istiqamətində gələrək burada təmizlik işləri aparanların gözü qarşısında özünü suya atıb. Ərazidə təmizlik işləri aparan fəhlələr nə qədər səy etsələr də, onu sudan çıxara bilməyiblər.
 
Bu arada M.Kələntərovun subay imiş və Bakıda fəaliyyət göstərən məşhur kosmetika firmalarından birini Azərbaycana gətirən şəxslərdən olub. Şirkətin rəhbərliyində çalışan qadınla yaxın münasibətdə olan 47 yaşlı Müşfiq bir neçə dəfə müxtəlif şəxslərdən külli miqdarda pul götürərək həmin qadına veribmiş. Son vaxtlarda isə pul sahibləri M.Kələntərovu sıxışdırmağa başlayıb. Bildirilir ki, şəxsiyyəti araşdırılan həmin şəxslər M.Kələntərovu dəfələrlə təhdid edib, hətta bir neçə gün girov da saxlayıblar.
 
İntihar hadisəsindən sonra M.Kələntərovun cibindən borc pulun alınması ilə bağlı etibarnamə çıxıb. Həmin sənəddə ona pul verən şəxsin adı və fotosu da olub.
 
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, dünən Bakı bulvarında bir nəfər özünü dənizə atıb. İntihar edən şəxsin kimliyi müəyyənləşib. Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində "Energy Clubun arxasında özünü dənizə ataraq intihar edən şəxsin Kələntərov Müşfiq Vaqif olması müəyyən edilib. Onun 40-45 yaşında olduğu bildirilib.