Baş Dövlət Yol Polisi İdarəsi Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza zamanı beş nəfərin avtomobillə vurulması xəbərinə dair məlumat yayıb.

İdarədən Unikal.org-a verilən xəbərə görə, Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan, Cəmil Cabbarovun idarə etdiyi qumla dolu "Mercedes markalı yük maşını yol kənarında dayanan, mişar daşı ilə yüklü "KamAZ markalı avtomaşına arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb və sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər. Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi "Opel markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan beş nəfəri vurub. Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Yaralılardan 28 yaşlı Vüsal Şabanov FHN-in əməkdaşıdır. Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub. Hazırda yaralıların vəziyyəti sabitdir.

Faktla əlaqədar araşdırmalara başlanılıb. "Opelin sürücüsü İslam Manafov hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.