Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə "Reporta Ağcabədi rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, rayon mərkəzi xəstəxanasında 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Qeyd edək ki, xəstəxananın doğuş şöbəsindən Publika.az-a verilən məlumata görə, N.Quliyevanın ölümünə səbəb orta ağırlıqlı preeklampsiya olub:

"Qadın xəstəxanaya yüksək hipersenziya ilə gətirilib. Əvvəllər daim həkim nəzarətində olub, ona normal doğuş tövsiyə edilmişdi. Lakin qəfildən təzyiq yüksəlib. Xəstəxanaya yerləşdiriləndə də təzyiqi çox yüksək idi, böyrəkdə zülalın miqdarı artmışdı. İlkin yardım göstərilib, sistem qoşulub. Lakin bunlar təsir etmədiyinə görə, təbii doğuşdan imtina edilib və qeysəriyyə məsləhət görülüb.Əməliyyat zamanı isə ana dünyasını dəyişib.

Şöbədən bildirdilər ki, N.Quliyevanın hamiləliyinin 20 həftəsindən sonra təzyiqi 130-80, 38-ci həftədən sonra 140-90 olub. Xəstəxanaya daxil olanda hamiləliyinin 39-40-cı həftələrində olub, təzyiqi 160-100-ə olub. Hamiləliyin son dövrlərində isə bədəndə zülalın miqdarı nisbətən artıb.

Hazırda uşağın vəziyyəti normaldır. Bu N.Quliyevanın ikinci hamiləliyidir.

****

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, 32 yaşlı Quliyeva Nurlana Əziz qızı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra ananın vəziyyəti kəskin pisləşib və ölümlə nəticələnib. Uşaq isə sağdır. Quliyeva Nurlananın 2500 qr çəkidə qız övladı dünyaya gəlib və hazırda vəziyyəti stabildir.

Ananın nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Ekspert müayinəsindən sonra ölümün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Dəqiq səbəblər bundan sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

Ağcabədi rayon Prokurorluğundan isə APA-nın Qarabağ bürosuna bildirilib ki, bu, Ağcabədi şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyeva Nurlana Əziz qızının 4-cü uşağı olub. Qeysəriyyə əməliyyatından sonra qadın qanaxmadan ölüb.

Prokurorluqdan bildiriblər ki, N. Quliyevanın yaxınlarından indiyədək heç bir şikayət daxil olmayıb.