Bakıda kafedə bədbəxt hadisə baş verib.
Unikal.org Musavat.com-a istinadn xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, "20-ci sahə yaşayış massivində yerləşən "Orxan kafesində baş verib.
Kafenin musiqi qrupunun sintezator ifaçısı, 51 yaşlı Aydın adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) iş yerində dünyasını dəyişib. Kafenin işçiləri hadisə yerində olan əməkdaşa deyiblər ki, 51 yaşlı musiqiçi həmkarları ilə birlikdə musiqi səsləndirirmiş. Həmin vaxt kafedə müştərilər olub. Qəfildən Aydın huşunu itirib və başı musiqi alətinin üstünə düşüb. İşçilər və müştərilər onun yardımına tələssələr də, onu həyata qaytarmaq mümkün olmayıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. Hadisə yerinə gələn həkim briqadası 51 yaşlı kişinin infarktdan dünyasını dəyişdiyini müəyyən ediblər. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər, meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.