Sentyabrın 26-da "Azneft İB-nin "28 May adına NQÇİ-nin "Günəşli yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

Unikal.org-a SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

***
"Günəşli yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.

Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.

"Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.

Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.

Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir.

Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.