"Günəşli yatağında yanğın söndürülüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və SOCAR birlikdə məlumat yayıb. FHN-dən Unikal.org-a verilən məlumatda qeyd olunur ki, sentyabrın 26-da "Azneft İB-nin "28 May adına NQÇİ-nin "Günəşli yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5 yanğınsöndürmə gəmisinə təxliyə ediblər.
Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.