"Cari ilin sentyabr ayında Cənub Elektrik Stansiyasında 291 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 197 milyon kilovatsaat artıqdır".

Bu barədə "Azərenerji ASC-nin mətbuat xidmətindən Unikal.org-a göndərilən məlumatda deyilir.

Qeyd edək ki, 2016-cı ilin 9 ayı ərzində isə bu elektrik stansiyasında 3 milyard 262,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 541,2 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzində saxlanılmış, o cümlədən cari ilin son üç ayı ərzində əsas və köməkçi avadanlıqlarda müxtəlif təyinatlı cari təmir işləri aparılmışdır.
2013-cü ilin iyul ayında istismara verilmiş, ümumi gücü 780 meqavat olan Cənub Elektrik Stansiyasında dörd qaz turbini, iki buxar turbini, dörd qazan-utilizator, altı generator və iki köməkçi qazan quraşdırılmışdır.