Teletənqidçi, professor Qulu Məhərrəmli ölkə prezidenti İlham Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri"Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" fərmana etdiyi dəyişikliklərə münasibət bildirərkən yenidən qurumu tənqid atəşinə tutub. O bildirib ki, bu gün büdcəsi 15-20 min manat olan ciddi bir saytın izləyiciləri, hər il dövlətdən 50 milyon manatdan çox vəsait alan AzTV-nin tamaşaçılarının sayından bəzən çox olur: "Ona görə də verilişlərin səmərəliliyi haqqında ciddi düşünmək lazımdır. Bu baxımdan, cənab prezidentin fərmana etdiyi dəyişikliklər həmin strateji məqsədin reallaşması üçün zəmin yaradır".

Unikal.org xəbər verir ki, "Azərbaycan Televizya və radio Verilişləri" QSC-nin bu açıqlamaya cavabı gecikməyib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az saytına deyib ki, 60 yaşlı qocaman AzTV-nin son illərdə meydana çıxmış saytlarla müqayisə edilməsi, yumsaq desək, qüsurlu və məntiqsizlikdir:
"Heç kim inciməsin, amma dövlətin və millətin maraqlarını qoruyan, ölkə basçısının yürütdüyü daxili və xarici siyasəti ətraflı şəkildə tamaşaçılara çatdıran, irimiqyaslı beynəlxalq tədbirlərin əsas yayımçısı olan Az TV istər texniki imkanlarına, istər əhatə dairəsinə, istərsə də tamaşaçı auditoriyasına görə 10 minlərlə qəzet və saytlarla müqayisə oluna bilməz".
O ki qaldı Az TV-ni izləyən tamaşaçıların sayına, X.Qasımova deyib ki, burada söhbət minlərdən deyil, milyonlardan gedə bilər:
"Elə götürək Heydər Əliyev Fondunun dəstəyi ilə AzTV-nın yayımladığı Müğam televiziya müsabiqələrini. Bu müsabiqələri təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan milyonlarla azərbaycanlı, o cümlədən İranda yaşayan 30 milyon həmvətənimiz böyük maraqla izləyir. Finala doğru irəliləyən "Səs Azərbaycan" beynəlxalq mahnı yarışmasını izləyənlərin sayı 10 milyonlarla ölçülür. "İdman Azərbaycan"ın yayımladığı hər bir yarışa isə ən azı 3-4 milyon azarkeş baxır".