Rusiya paytaxtında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Unikal.org APA-ya istinadən məlumatına görə, tədbir "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 24 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: "Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsidir. Artıq 30 ilə yaxındır ki, bu münaqişə davam edir. Nəticədə 20 faiz torpaqlarımız işğal altınadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. İşğal olunmuş ərazilərimizdəki tarixi abidələrimiz məhv edilir. Bu ərazini Azərbaycan mədəniyyəti ilə bağlayan hər şey silinir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həmin insanları yalnız azərbaycanlı olduqlarına görə öldürüblər. Bu yara heç vaxt sağalmayacaq".
Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir edib: "Dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımına ədalətli və hüquqi qiymət verilməlidir. Günahkarlar cəzalandırılmalıdır. Biz inanırıq ki, dünya ictimaiyyəti bu faciəvi hadisəni qulaqardına vurmayacaq. Artıq 24 ildir ki, biz bu soyqırımı barədə danışırıq. Bizim səsimiz ən yüksək tribunalardan eşidilib. Bugünkü gündə ABŞ-ın 10-dan çox ştatının senatı və bir sıra ölkələrin- Kanada, Meksika, Kolumbiya, Pakistan, Peru, Serbiya, Bosniya və Hersoqaviniya, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Hondurasın qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. 2008-ci ildə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına başladıq. Bizim məqsədimiz dünya ictimaiyyətinin nəzərinə bu faciə haqqında həqiqətləri çatdırmaqdır. Belə faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu gün "Xocalıya ədalət" beynəlxalq kampaniyasını 115 təşkilat, 120 mindən çox insan dəstəkləyir. Hesab edirəm ki, vaxt keçdikcə, bu insanların sayı daha da artacaq. Daha çox ölkələr bu soyqırımı tanıyacaqlar. Dünyada belə qəddar cinayət və zorakılığa yer olmamalıdır. Biz bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq və Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik".
Leyla Əliyeva Xocalı faciəsinin hər zaman yaddaşlarda qalacağını qeyd edib: "Səmimi qəlbdən inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz öz evlərinə qayıdacaqlar".
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etməsi ilə yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib: "Xocalıda baş verən cinayətin heç bir insani izahı yoxdur. Bu cinayətə heç bir haqq qazandırmaq olmaz. Təəssüflər olsun ki, dünya Xocalı faicəsinə laqeyd qalır".
Tədbirdə çıxış edən Rusiya Yazıçılar Birliyinin üzvü, tanınmış alim Yuri Pompeyev bildirib ki, 366-cı alayın Həmin facioədə iştirak etməsi Rusiya adına utancvericidir. Lakin həmin vaxt bu alayı millətçi nasist qüvvələr idarə edirdi. Serj Sarkisyan o zaman müdafiə nazirinin müavini idi və eyni zamanda da "Dağlıq Qarabağ müdafiə döyüşüçüləri"nə başçılıq edirdi. Bu gün burada sərgilənən şəkillərdə tanklar əks olunub. Bu tanklar 366-cı alayın tanklarıdır və Rusiya Silahlı Qüvvələrinə məxsusudur. Bu çox utancvericidir. Bu hal Rusiya vətəndaşlarının diqqətinə çatdırılmalıdır. Mən çalışacam ki, bunu edim".
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə çıxışında KİV-də "Xocalı dərsi" adlı açıq məktub yaydığını qeyd edib: "Qurbansız müharibə olmur, bu aksiomdur. Amma ən dəhşətli olan sülh zamanında millətlərarası münaqişədə insanların həlak olmasıdır. Daha dəhşətlisi olan isə bu insanların əli silahlı əsgər deyil, müdafiəsiz olan qocalar, qadın və uşaqlardan ibarət olmasıdır. 24 il bundan qabaq Xocalıda 613 nəfər vəhşicəsinə öldürülüb. Min nəfərdən çox adam bu faciə nəticəsində şikəst qalıb. İndiyənə kimi Azərbaycan dünya ictimaiyyətini bu faciəni unutmamağa çağırır. Xocalı külü hər bir azərbaycanlının qəlbində döyünür. Bu gün Xocalı haqqında anım tədbirləri dünyanın müxtəlif güşələrində qeyd olunmaqdadır. Qonşu ölkələrdən okeanın o tayında yerləşən Kanadaya qədər anım tədbirləri keçirilir. Bu simvolikdir. Əgər Xocalı kimi faiələr unudulursa, bu daha yeni fəlakətlərə və daha da qorxunc faicələrə gətirib çıxara bilər. Bu gün azərbaycanlılar rahat nəfəs ala bilərlər. Çünki Azərbaycan güclü ölkədir...Azərbaycan öz vətəndaşlarını qorumağa qadirdir.
Tədbirdə azərbaycanlı və rusiyalı rəssamların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi də təşkil olunub.