Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delonun bu gün doğum günüdür.Onun 81 yaşı tamam olur.
Unikal.org bildirir ki, Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə - Soda anadan olub. Amma çox çəkmədi ki, balaca oğlan valideynləri üzündən taleyin sərt üzü ilə qarşılaşmalı oldu. 5 yaşı tamam olar-olmaz ayrılan valideynləri üzündən Alen Delon bir qədər sonra pansiona verildi. Burdakı həyatının ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı. Amma, yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla - velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Hindçinə müharibəyə yola düşdü. Və burada gördükləri, yaşadıqları bu yeniyetmənin həyatında dərin izlər buraxdı. O orduda da özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, amma sonradan bərpa ediblər.
1956-cı ildə Alen Delon hərb ilə üzülüşdü və Parisə dönərək yaxın dostlarından biri ilə kirayə ev tutdu. Özünə bəyəndiyi bir iş tapa bilmədiyi üçün fərqinə varmadan hər bir sahədə çalışmağa başladı: qəzet payladı, ofisiantlıqla... məşğul oldu. Amma belə demək mümkünsə, tale onun üçün başqa yol seçdi. Həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırdı. Kino mütəxəssisi gəncin daxilindəki aktyorluq istedadını hiss etdiyi üçün onu özü ilə aparmaq qərarına gəldi. Amma bundan ötrü Alendən üç ay ərzində ingilis dilini öyrənmək tələb olunurdu. Bu hadisədən xəbər tutan fransız rejissoru Alleqre onu filmlərindən birində ikinci dərəcəli rola dəvət etdi. Artıq bu gənc Alen üçün həyatın sürprizi, şansı idi və o, Amerikaya getməkdən vaz keçdi, "Qadınlar işə qarışanda" filmində qanqster obrazını yaratmaqla özünün kino karyerasına başladı. Ardınca - 1958-ci ildə onun oynadığı "Gözəl ol, sus" ekran əsəri tamaşaçılar qarşısına çıxdı. Düzdür, bu rollarda Alen şedevrə imza atmasa da tamaşaçıların rəğbətini qazana bildi. Elə bu rəğbətə görə də həmin il növbəti təklif özünü çox gözlətmədi. "Kristina" filmində çəkildi və uğur qazandı. "Zəif qadın"dan sonra Azərbaycan tamaşaçılarına da yaxşı məlum olan "Rokki və qardaşları"nda rol aldı.Yaratdığı rəngarəng obrazlar aktyoru tamaşaçıların sevimlisinə çevirdi. Həmin dövrün məşhur aktrisalardan biri hesab edilən Romi Şnayder onunla eyni filmdə "Kristina"da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı da. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu baş tutmadı.
Ümumiyyətlə, müxtəlif sevgi macəraları yaşayan Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmir. Ancaq məlumdur ki, Natali ilə olan evlilikdən onun Entoni adlı bir oğlu da var. Qısa müddət ərzində məşhurlaşan gənc aktyor fransız kinosunun şedevri sayılan Jan Qabenin də diqqətini çəkdi. Onların tanışlığı 1962-ci ildə ekranlaşdırılan "Zirzəmidən eşidilən melodiya" filmindən başladı və uzun müddət davam etdi. Həmin ekran əsəri qazandığı müvəffəqiyyətə görə "Qızıl qlobus" mükafatına təqdim olundu. 1964-cü ildə İspaniyada çəkilən "Qara zanbaq" filmi ilə Delon bir daha tamaşaçıların ürəyini fəth etdi. Bir il sonra Alen Hollivuda dəvət alır. Aktyor burada bir neçə filmdə rol aldı. Amma səmimiyyətlə demək olar ki, Alen Delonun Hollivuddakı filmlərini heç də uğurlu adlandırmaq olmaz. Bunu aktyorun özü də duyurdu. Bəlkə də elə buna görə də Alen yenidən vətəninə döndü və biri-birinin ardınca gözəl obrazlar yaratmağa nail oldu. Rober Enrikonun "Macəra axtaranlar" lentində çəkildiyi rolu tamaşaçılar böyük rəğbətlə, hərarətlə qarşıladılar. Ardınca "Samuray" və məşhur "Zorro" filmlərindəki oyunları ilə Alen bir daha sübut etdi ki, o, möhtəşəm aktyordur. O, ən yaxşı kişi roluna görə "Sezar" mükafatına da sahib olub.