Anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat EyvazovvəCeyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə onun üzərində çoxsaylı xəsarət olan meyiti aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham ediliblər.
Qətlə yetirilən qadın "Qızıl Məryəm" ləqəbli iş adamı kimi tanınıb. Onun "Moskva" univermağında, eləcə də paytaxtın ayrı-ayrı ünvanlarında məşhur qızıl mağazaları olub.
Teleqraf.com qapalı keçirilən bu cinayət işinin istintaq materialını əldə edib. Həmin istintaq sənədlərində yer alan təqsirləndirilən şəxslərin ifadələrini oxucularımıza təqdim edirik.
"Bildirdi ki, həm borc silinsin, həm də səninlə rahat yaşayım"
Cinayət işi üzrə ifadə verən Günel Hüseynova bildirib ki, 2015-ci ilin noyabr-dekabr aylarında sevgilisi Asiman Məmmədov onun anası Məryəmə müraciət edib:
"Asim dostu Fəridin toyu olduğundan ona satmaq, həmçinin banka olan borcunu bağlamaq üçün 30 min manat dəyərində qızıl götürüb. O, bir-iki ay ərzində qızılın pulunu ödəyəcəyinə söz verib. Asim qızılları götürərək anama ilkin olaraq 6 min manat pul verib. Asimandan eşitdim ki, anamdan götürdüyü qızılları satdıqdan sonra "Yapı Kredi", "Unibank" və 5 nömrəli xəstəxananın yanında yerləşən kredit təşkilatı olmayan, adını bilmədiyim banklara, Nəsimi rayonunda 17 saylı evin yaxılınğında olan lombarda və "Sindibad travel"ə olan borclarını ödəyib".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ilin dekabr ayının əvvəllərində Asim onun yaşadığı evə gəlib: "Asim dedi ki, anam ondan aldığı qızılları geri tələb edir. Asim qızılları sataraq şəxsi ehtiyaclarına xərclədiyi üçün pulu qaytara bilməyib. Buna görə də anamla arasında mübahisə yaranıb. Anam Asimdən pulunu və yaxud da qızıl əşyalarını tələb edib, əks halda atasına şikayət edəcəyini bildirib. Asim də atasından qorxduğundan, mübahisəni davam etdirməyib. O, qızılların dəyərini ödəmək üçün vaxt istəyib. Bundan sonra Asim qonaq otağına keçdi və mənə dedi ki, ananı öldürmək lazımdır. Ona borcumu ödəmərəm, həm də səninlə rahat yaşayaram. O, anamı öldürmək üçün adam axtaracağını dedi və məndən bu məsələdə üçün kömək istədi".
Günel Hüseynovanın sözlərinə görə, bu mübahisələr 2015-ci ilin dekabr ayının sonlarına qədər davam edib. Dekabrın son 10 günü ərzində Asim onların evlərinə gəlməyib və anası ilə görüşdən yayınıb: "31 dekabr 2015-ci ildə anamla Asim telefonda danışdı. O, anama yaxın günlərdə borclarını qaytaracağına söz verdi".
"Mənzilimizə taksi ilə gəlməsi üçün 10 manat verdim"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı il yanvarın ilk günlərində Asim anasına borclarını qaytara bilmədiyi üçün ondan təcili killer tapmağı xahiş edib: "Asim ətrafında qətl hadisəsini törədə biləcək adam olmadığını dedi, qətlin icraçısını tapmağı mənə həvalə etdi. Asimin təklifi ilə razılaşdım. Yanvarın 4-də Asimlə görüşdük. Ona Nicatın Ceyhun adlı pula meyilli tanışının olduğunu və onunla bu qətl hadisəsini danışmağın mümkünlüyünü dedim. Asim xahiş etdi ki, Ceyhunun telefon nömrəsini əldə edim. Həmin gün Nicata zəng edərək Ceyhunun nömrəsini istədim. Nicatdan Ceyhunla görüşməsini xahiş etdim. Nicat bu görüşün səbəbini soruşdu. Ona Ceyhunla işim olduğunu dedim. Həmin gün Nicatla birlikdə evdən çıxdıq, yolda Nicat Ceyhuna zəng vurdu və "İncəsənət Gimnaziyası"nın yanına görüş təyin etdi. Orada Ceyhunla görüşdük. Ceyhun nə məsələ olduğunu soruşdu. Nicatın məsələdən xəbər tutmaması üçün ondan maşından düşməsini tələb etdim. Nicat avtomobildən düşəndən sonra Ceyhuna dedim ki, Asim adlı istədiyim oğlan anamdan böyük məbləğdə qızıl məmulatları götürüb və pulu qaytara bilməyib. Buna görə də Asim anamı öldürmək üçün məndən adam axtarmağı xahiş edib. Qətli yerinə yetirən adama Asim ilkin olaraq 5 min dollar, bir müddət sonra əlavə pul ödəyəcək. Ceyhun təklifimlə razılaşdı və anamı öldürmək məqsədilə bizə gəlməsi üçün ona 10 manat "taksi pulu" verdim. Ceyhun bu məsələdən kimlərin xəbərdar olduğunu soruşdu. Ona bu işdən Asimlə məndən başqa heç kəsin xəbəri olmadığını bildirdim".
"Asimə dedim ki, sənə sürprizim var"
Günel Hüseynova Nicata Ceyhunla olan söhbətini belə izah edib: "Nicata Ceyhunla görüşməyimin səbəbini Asimin mənə xəyanət etməsi olduğunu dedim. Guya, Ceyhun Asimi güdməldir. Ceyhun da Nicata bu cür danışdı. Söhbnətimizi bitirdikdən sonra Nicatı maşına dəvət etdim, üçümüz bir yerdə "Koala park"ın yanına gəldik. Orada Asim mənə zəng etdi və harada olduğumu soruşdu. Asimə Nicatla birlikdə işim olduğunu söylədim. Asim mənə inanmadığını bildirdi. Buna görə də telefonu Nicata verdim. Nicat Asimə "kompüter düzəltdirmək üçün gəlmişik" deyə dedi. Daha sonra avtomobildən düşdüm və bu zaman telefonda Asimə dedim ki, sənə sürprizim var, axtardığın adamı tapmışam, gəl evə, danışaq. Bundan sonra Ceyhun sağollaşaraq getdi. Nicat isə məni evə apardı. Asim evdə məni gözləyirdi. Ona Ceyhun barədə danışdım. Ceyhuna razılaşdığımız kimi 5 min dolları verəcəyimizi dedim. Asim isə yanvarın 5-də, saat 6 radələrində "Moskva" univermağında qızıl alveri ilə məşğul olan Hətəm adlı şəxsə pul verməli olduğunu, ona görə də qətli təcili icra etmək lazım olduğunu bildirdi. Asim bir-iki saat bizdə olduqdan sonra getdi".
"Asim dedi ki, aləm qarışacaq, mən gedirəm, bir azdan gələcəm"
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, yanvarın 5-də, saat 07.07 radələrində Ceyhun ona zəng edib və binanın qarşısında olduğunu, giriş qapısının kodunu bilmədiyi üçün binaya daxil ola bilmədiyini söyləyib: "1-ci mərtəbəyə düşdüm və qapını açaraq Ceyhunu içəri buraxdım. Bundan sonra mənzilə qayıtdım. Evdən Ceyhuna zəng vurdum və anamın yataq otağının yerini söylədim, sonra qızım Zəhranı götürərək evdən çıxdım. Qapını isə açarla bağlamadım. Zəhranı məktəbə qoyandan sonra mağazadan meyvə şirəsi aldım və evə qayıtdım. Orada Ceyhunla rastlaşdım. Ceyhun həyəcanla bildirdi ki, cinayəti başa çatdıra bilməyib. Ceyhun ayağından yaralanmışdı. Anamın isə otaqda xırıltılı səslə "ay ana, Allah, kömək edin" deyə qışqırığını eşirdim. Ceyhuna qətli başa çatdırmadığı üçün pul verməyəcəyimi dedim. Ceyhun isə mənzildən tələsik getdi. Həmin vaxt Asimə zəng etdim. Asim binanın həyətində olduğunu söylədi. O, işin başa çatıb-çatmadığını soruşanda, "təcili yuxarı qalx" dedim. Ceyhun gedəndən 5 dəqiqə sonra Asim mənzilə daxil oldu. Ona anamın yaralı olduğunu söylədim. Asim də evdən çıxmağımı, pilləkəndə gözləməyimi istədi və işi özü tamamlayacağını bildirdi. Mən də pilləkəndə gözlədim. Təxminən 5-6 dəqiqədən sonra Asim mənzilin giriş qapısını açaraq məni səslədi. Dəhlizdə Asimin üst-başının qanlı olduğunu gördüm. Sonra mənzilin qapısını örtdüm və anamın yataq otağına yaxınlaşdım. Yataq otağının qapısı yarı açıq, anam isə döşəmədə uzanmış vəziyyətdə idi. Sonra mətbəxə qaçaraq anamın gecədən şkafdakı stəkana qoyduğu qızılları götürdüm. Bloka çıxaraq qışqırmağa başladım. Səsimə qonşular gəldi. Həmin vaxt Asim mobil telefonuma zəng etsə də, yanımda adamlar olduğu üçün cavab vermədim. Sonra huşumu itirdim. Hadisə yerinə gələn həkimlər mənə yardım etdilər".
Günel Hüseynovanın sözlərinə görə, özünə gələndə Asimi yanında görüb: "Asim qulağıma "hər şey yaxşı olacaq, hər şey bitdi, sakit dur, ağzını bütöv saxla" deyə bildirdi. Anamın meyiti morqa aparıldıqdan sonra günorta saatlarında Fəhriyyəgilə getdim. Təxminən 5 dəqiqə sonra Asim də ora gəldi. Həmin vaxt anamın rəfiqəsi Təranə Qasımova mənə yaxınlaşdı və getmək istədiyini bildirdi. Təranə hadisə zamanı saxlamaq üçün verdiyim, içərisində 1800 manat və bank kartları olanu pul kisəsini qaytardı. Həmin pul kisəsini Asimə verdim.
"Dedi ki, səni və səninlə ailə quracaq qızı öldürəcəm"
Cinayət işi üzrə şahid qismində ifadə verən Asim Məmmədov bildirib ki, Günel Hüseynova ilə 2011-ci ilin iyunda "Facebook"da tanış olub: "2011-ci ilin iyulda Günellə "Sizin klub" çay evində görüşdük və orada onunla cinsi əlaqədə oldum. Mütəmadi əlaqə saxlayırdıq. 2013-cü ilin yanvarında Günelin mənə qarşı münasibətləri dəyişdi. Günel Murad adlı Türkiyə vətəndaşı ilə evlənəcəyini desə də, 2015-ci ilin martında münasibətlərini bərpa etdik. Günelin başqa kişilərlə münasibətdə olduğunu hiss edərək onunla əlaqələrimi kəsməyə çalışdım. Bu səbəbdən Günelə ailə quracağımı dedim. O, mənə "əgər məni atıb getsən, başqası ilə evlənsən, səni və arvadını öldürəcəm", - dedi. Bundan qorxuya düşərək onunla əlaqələrimi kəsmədim".
Asim Məmmədov daha sonra əlavə edib ki, 2014-cü ilin dekabr və ya 2015-ci ilin yanvarında Günel xalası Fəhriyyə Eyvazovanın ruhi əsəb dispanserinə yerləşdirildiyini deyib: "Məndən anası Məryəmi dispanserə aparıb-gəritməyimi xahiş etdi. Bununla da Məryəmlə münasibətlərim yaranmağa başladı".
"Mənə "sürprizim var" dedi"
Asim Məmmədov daha sonra ifadəsində bildirib ki, Məryəmdən qızıl əşyaları götürüb və həmin qızılları Günel Hüseynovaya verib. Asim Məmmədov ifadəsində Məryəmin qətlindən xəbərsiz olduğunu söyləyib: "2016-cı il yanvarın 4-də Güneldən Məryəmin öldürülməsi üçün adam tapıb-tapmadığını soruşmamışam. Həmin vaxt Günel mənə "hə balam, sənə sürprizim var, tez bizə gəl" dedi. Həmin gün Günellə yaşadığı mənzildə görüşdüm. Günel mənə anası Məryəmin qətlilə bağlı heç nə demədi. Günel ilə heç vaxt anasının qətlini planlaşdırmamışam. Günelin həmin gün mənə "sürprizim var" dedikdə nəyi nəzərdə tutduğunu dəqiq xatırlamıram. Xəstə olduğu üçün onunla cinsi əlaqədə olmurduq. Güman edirəm ki, yanvarın 4-də Günelin xəstəliyi sağladığı üçün mənimlə cinsi əlaqədə olmaqdan ötrü "sürprizim var" deyib".
Asim Məmmədovun sözlərinə görə, yanvarın 5-də səhər saatlarında Günelə zəng edib və onun əhval-ruhiyyəsini soruşub: "Günel ağlaya-ağlaya "anamı öldürüblər" deyib telefonu söndürdü. Narahat olduğumdan bir neçə dəfə Günelə zəng etdim. Lakin Günel telefona cavab vermədi. Sonuncu zəngimə Fəhriyyə cavab verdi və Məryəmin öldürüldüyünü dedi. O, məni yaşadığı evə çağırdı. Ora getdim. Məryəmin iş yoldaşları, polis və prokurorluq işçilərini hadisə yerindəydilər".
Şahid qeyd edib ki, Günel onun vasitəsi ilə Fərid Bayramlını tanıyıb: " Fəridin işlədiyi "Azərsğorta" şirkətinə getmişəm. Fərid mənim xahişim əsasında Günelin avtomobilini sığortalayıb. Yanvarın 6-da hal-əhval tutmaq üçün Günelə zəng etdim. Günel polis idarəsində olduğunu, oradan çıxanda zəng edəcəyini bildirdi. Lakin həmin gün Günel mənə zəng etmədi. Yanvarın 7-də, səhər saat 10.00-da Məryəmin rəfiqəsi Samirə mənə zəng etdi və bildirdi ki, Məryəmi qızı Günel öldürdüb. Samirə onu da dedi ki, Günel xalası oğlu Nicatın vasitəsilə dostu Ceyhuna qətli sifariş verib, buna görə də Ceyhuna 5 min dollar ödəyib".
Asim Məmmədov bildirib ki, Məryəmlə aralarında heç vaxt narazılıq olmayıb: "Əksinə Günellə Məryəmin arasında mübahisə olurdu".
Şahid Fərid Bayramlı bildirib ki, Asim Məmmədovun vasitəsi ilə nə Güneldən, nə də Məryəmdən qızıl alıb.
Təqsirləndirilən Nicat Eyvazov ifadəsində bildirib ki, Günel Hüseynova anasının 20 min manatlıq qızılını satdığını, amma mərhumun bundan xəbər tutduğu üçün aralarında münaqişə yarandığını bilib: "Günel anasını öldürmək qərarına gəldiyini bildirdi. Mən də onunla cinayətin icrasını dostum Ceyhuna sifariş vermək barədə razılığa gəldim".
Nicat Eyvazov ifadəsində Ceyhun Əsgərovla qətl barədə danışıqlar aparmasını etiraf edib: "Günel sifarişi icra etdikdən sonra Ceyhuna 5 min dollar verəcəyini, bu hadisədən sonra Ceyhunla istirahətə gedəcəyini vəd etdi".
Nicat Eyvazov ifadəsində daha sonra Ceyhunun Məryəmin yaşadığı mənizilə gəlməsindən, qətl hadisəsinin törədilməsindən danışıb.
Ceyhun Əsgərov da ifadəsində Nicat Eyvazovun vasitəsi ilə Günellə görüşdüyünü, qətlin törədilməsi barədə razılıq verdiyini deyib. O, qeyd edib ki, yanvarın 4-də Nicat Eyvazov 20 min manat xeyri olacağı barədə ona SMS göndərib. Bundan sonra təyin edilmiş yerdə Nicat və Günellə görüşüb. Onun ifadəsinə görə, qətlin törədilməsi barədə razılığa gəliblər. O, qeyd edib ki, yanvarın 5-də, səhər saat 7 radələrində Günel qızı ilə birlikdə evdən çıxandan sonra Məryəmin olduğu evə daxil olub. O, yataqda olan Məryəmə 35 bıçaq zərbəsi vurduğunu deyib.
Ceyhun Əsgərovun ifadəsinə görə, vurduğu bıçaq zərbələri nəticəsində qadın dünyasını dəyişib. O, hadisəni tamah məqsədilə törətdiyini deyib.
QEYD: Bu cinayət işi üzrə istintaq Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilib. Məhkəmənin hökmü ilə Günel Hüseynov 18, Ceyhun Əsgərov 19, Nicat Eyvazov isə 10 il azadlıqdan məhrum edilib.