Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra cinayət işinə cəlb olunmayan digər bir neçə dövlət adamının da bu işdən xəbərdar olması və ya birbaşa iştirak etməsi ortaya çıxıb.

Unikal.org bildirir ki, "Qafqazinfonun əldə etdiyi məlumata görə, bunlardan biri də sabiq deputat, "Azəriqazbankın sədri Çingiz Əsədullayevdir.

Ç.Əsədullayevin sabiq nazir Eldar Mahmudovla biznes əlaqələrinin olduğu barədə materiallar mediada yayımlansa da, sabiq deputat bunu təkzib edirdi.

"Rabitə işi üzrə cinayət işinin materiallarında isə bu məlumat bir daha öz təsdiqini tapır.

Belə ki, Baş Prokurorluq tərəfindən istintaqa təqdim edilən rəsmi məktubda göstərilir ki, Eldar Mahmudovun oğlu Anar Mahmudov və ortağı Ayaz Kərimov Cartburg NC şirkəti ilə bağlı sabiq nazir Əli Abbasovla görüşərək nazirliyin həmin şirkətlə müqavilə imzalamasına dair razılıq əldə ediblər. Bu sövdələşmədən qazandıqları pullar isə Ç.Əsədullayevin bankında, onun qaynı Mişa tərəfindən saxlanılıb. Qeyd edək ki, Mişanın bankın müşahidə şurasının üzvü Françev Mixail Yuryeviç olması müəyyən edilib.

İş materiallarına əlavə edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Caspian Telecommunication LTD şirkətinin faktiki olaraq sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun dostu Ayaz Kərimovun müştərək şirkətləri olması müəyyən olunub. "Cartburg NC şirkətinin Azərbaycandakı fəaliyyətinə Ayaz Kərimov rəhbərlik edib.

"Cartburg NC şirkəti tərəfindən əldə olunmuş aylıq külli miqdarda gəlir qeyri-qanuni yolla "Azəriqazbank ASC-nin Mişa adlı işçisində toplanıb, onun tərəfindən əvvəlcədən müəyyən edilmiş razılığa əsasən aidiyyatı üzrə Ayaz Kərimova və digərlərinə verilib. Mişa toplanmış vəsaitin bir hissəsini özündə saxlayıb. Istintaqla müəyyən olunub ki, Mişa adlı şəxs 19 aprel 1967-ci ildə Bakı şəhərində anadan olub, "Azəriqazbank ASC-nin Müşahidə şurasının sədri Çingiz Əsədullayevin qaynıdır.

Qeyd edək ki, Ayaz Kərimovla Anar Mahmudovun "SMS yazışmalarında Çingiz Əsədullayevin və "Mişanın adları keçir. A.Kərimov sabiq nazir oğluna pulları Mişaya verdiyinə dair mesaj yazıb.

Rəsmən "Azəriqazbank ASC-yə aid olan və "Mişanın işlətdiyi telefon nömrəsindən 2013-cü ilin 30 dekabrında rəsmi olaraq Eldar Mahmudovun adına olan, lakin oğlu Anarın işlətdiyi nömrəyə "20.... səndə. Fuad 347000 AZN gətirdi. Bir daha qarşıdan gələn bayram münasibətilə məzmununda yazılan mesaj irəli sürülən ittiham üçün sübut qismində göstərilir.

Onu da xatırladaq ki, Azərbaycanda sonuncu parlament seçkiləri zamanı Ç. Əsədullayevin namizəd kimi iştirak etdiyi 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edilib.