Azərbaycan prezidenti İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, Ə. Əsədov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.

Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub. O, Bakıdakı 134 saylı orta məktəbdə təhsil alıb, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Ə.Əsədov əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə birinci çağırış Milli Məclisin deputatı olub. Ə.Əsədov prezidentin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci il tarixli sərəncamla isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Həmin tarixdə Ə.Əsədov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.