Cəmiyyətimizdə gec-gec rast gəlinən, lakin insanların marağına səbəb olan nadir hadisədir albinizm. Belə insanlar dəri rənglərinə görə, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə "albinos adlanır. Bu sözün latın dilində mənası "ağ deməkdir. Albinosların çoxu bunu özünə kompleks etsə də, bəziləri insanların reaksiyalarına örəşdiyini deyir. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər.
Unikal.org bildirir ki, alimlərin araşdırmasına görə, Avropada hər 20 000-dən biri, dünyada isə hər 17 000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyaya bu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə dəyişir. Eyni zamanda onlar dəri xərçənginə meyilli olur. Sağlamlıq, intellekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.
Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə, 10.000 heyvandan biri albinosdur.
İsti ölkələrdə albinosların sayı daha çoxdur. Geridə qalmış Afrika ölkələrində isə xurafat baş alıb gedir. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Bu baxımdan bir çox ölkələrdə albinoslar hüquqlarını müdafiə etmək üçün öz təşkilatlarını yaradıblar.
Dünyada ən böyük albinos ailəsi Hindistanda yaşayır. Ata Rozituray Pullan, onun həyat yoldaşı Mani və 6 uşaqları birlikdə bu ailənin tərkib hissəsini təşkil edir. Bundan əlavə, ailənin böyük qızı Renu, başqa albinos Roshiha ailə qurub. Bu albinos cütlüyün də Caramrac adlı albinos oğulları var. Ümumilikdə Pullan klanı 10 albinosandan ibarətdir.
Azərbaycanda albinoslara xüsusi diqqət yetirilir. Belə ki, 2006-cı ildə albinoslara həsr olunmuş "Ağ adam" filmi ekran üzü görüb. Bu filmdə baş rollardan birini albinos oğlan oynayır. Bu gün albinoslar təxminən 60 manatdan yuxarı əmək pensiyası alırlar.
Belə bir söhbət də dolaşır ki, bir çox ölkələrdə onlar sağ ikən müqavilə bağlanılır və pul ödənilir. Dünyalarını dəyişdikdən sonra isə sümüklərindən texniki məsələlər üçün istifadə edirlər. Lakin bu heç inandırıcı deyil.
Şərqi Afrika ölkələrindən olan Tanzaniyada da albinosların sayı dünyanın digər yerləri ilə müqayisədə çoxdur. Bu da Tanzaniyada baş verən qətllərin sayını daha da artırır. Tanzaniyada albinos doğulmaq öz əcəlini yazmaq kimi bir şeydir. Afrikada hələ də bəzi inanclar öz aktuallığını qoruyub saxlayır. Varlanmaq istəyən cadugərlər yaxşı qismət tapmaq istəyəndə Afrikaya üz tutur. Niyə? Çünki albinoslar daha çox orada dünyaya gəlir. Və cadugərlər albinosların baş dərisini, əlləri və ayaqlarını 250 min dollara satır.
Rəsmi rəqəmlərə görə, Tanzaniyada 2007-ci ildə 53 albinos qətl edilib və uğur gətirdiyinə inanıldığı üçün orqanları satılıb. Bəzi bölgələrdə albinos uşaqlar doğulan kimi öldürülür. Bir albinosun orqanları 75 min dollara satıla bilir.
Ən dəhşətli faktlar da elə onları öldürən zaman ortaya çıxır. Bu cür edamlar dünya tarixində çox qeydə alınıb. Lakin müasir dünyada bəlkə də heç bir günahsız insana bu cür işgəncə tətbiq edilməyib. Albinosların tək günahı albinos olaraq doğulmalarıdır. Onlar öləndən sonra əli, ayağı, qolu və cinsi orqanları kəsilir. Hətta bəzi albinosların orqanları diri-diri kəsilir və ölürlər. Yaxud da şikəst qalırlar.
Belə dəhşətli və bilinən fakt sonuncu dəfə Tanzaniyada Yovi Mayaliva adlı albinosun başına gəlib. Onun sağ ayağı və cinsi orqanı kəsilərək öldürülüb.
Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir. Albinos xəstəliyi insan dərisində rəngləri tənzimləyən melanin piqmentinin azlığından və ya heç olmamasından yaranır. Bununla da dəri və tüklərdə ağlaşma baş verir. Qısaca desək, maddələr mübadiləsi pozulması sayılır.
Azərbaycanda Səhiyyə Nazirliyində albinosların statistikası yoxdur.