Elçin Rəhimov Bakının "Sovetski adlanan ərazisində yaşayır. Fevralın 6-da yaşadığı ünvana gələn Yasamal rayon icra hakimiyyətinin fəhlələri onun sahibi olduğu ərzaq dükanının qapısını hörməyə başlayıblar.

Unikal.org xəbər verir ki, AzadlıqRadiosu-nun "Qaynar xəttinə şikayətlənən E. Rəhimov deyir ki, bütün sənədləri var, fəaliyyəti də tam qanunidir: "Uzun illərdir, vergimi, sosial ödəmələrimi edib başımı aşağı salıb işləyirəm. Ərazidəki insanlar buradan ərzaq alırdılar. Mənim mülküm plana düşüb və qiymətdə razılaşmırıq. Burada mənim evimdən başqa 4-5 ev də var, sahibləri kompensasiya ilə razılaşmır. İcra hakimiyyəti də məndən qisas almaq üçün dükanı işlətməyimə imkan verməyəcəyini dedi.

Bir müddət əvvəl Elçin Rəhimov Yasamal rayon icra hakimiyyətini məhkəməyə verib. Növbəti məhkəmə iclası martın 28-nə təyin olunub. Yəni E. Rəhimovun nə mülkünün sökülməsi, nə də mağazanın qapısının hörgüsü barədə məhkəmə qərarı yoxdur.

Yasamal rayon icra hakimiyyətindən "Qaynar xəttə bildirilib ki, qurum rəhbərliyi hazırda ərazidə olduğundan məsələyə münasibət bildirə bilməyəcəklər. Ümumi şəkildə bildirilib ki, sakinlər verilən kompensasiyadan artıq məbləğ tələb edirlər. Lakin bu kompensasiya Nazirlər Kabineti tərəfindən müəyyən edilib və onu artırıb azaltmaq icra hakimiyyətinin səlahiyyətinə aid deyil.