Azərbaycan teatr və kino aktyoru, əməkdar artisti Ələsgər Məmmədoğlunun bu bün doğum günüdür. Mərhum aktyor yaşasaydı 71 yaşını qeyd edəcəkdi.

Unikal.org xəbər verir ki, Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman),Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov), Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov), Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev),Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. 

"Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu, "Ömrün səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.

2002-ci ildə Ələsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq, bu istedadlı aktyor axşam saatlarında 69 yaşında vəfat etdi. 

Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir.