Bakı Nəqliyyat Agentliyi "28 May metrostansiyasından "Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi ( Bakı-Salyan yol qovşağı) istiqamətində istifadəyə veriləcək yeni marşrut xəttinin təşkil olunmasını daşıyıcı şirkətlər üçün müsabiqəyə çıxarıb.

Unikal.org "Unikal qəzetinə istinadən bildirir ki, bu barədə Agentliyin sədr müavini Mübariz Abbasov media-brifinqdə məlumat verib. Bildirib ki, müsabiqə 30 gün müddətində davam edəcək: "Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır.

M. Abbasovun sözlərinə görə, yeni marşrut xətti aşağıda qeyd olunan səbəblər əsasında təşkil ediləcək:
- "28 May metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gedib-gəlmə vaxtının və ödəniş məbləğlərinin azaldılması;
- Metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi;
- "28 May metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi;
- "Nəqliyyat Mübadilə Mərkəzi konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi;
- Qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi;
- Bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması.

Qeyd edək ki, bundan sonra yaradılacaq yeni marşrut xətlərinin istifadəsi müsabiqə yolu ilə sahibkarlara veriləcək.

Amma həmin müsabiqənin obyektiv keçiriləcəyinə dair şübhələr var. Buna səbəb Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA-nın yaradıldığı bir ildən bir qədər artıq müddətdəki fəaliyyəti ilə bağlı fikirlərdir. Əksər ekspertlər Agentliyin fəaliyyətini effektiv hesab etmir, qeyd edirlər ki, bu quruma ayrılan dövlət vəsaitləri BNA-nın yarandığı bir ildən artıq müddətdə səmərəli xərclənməyib, belə olsaydı, paytaxt nəqliyyatındakı neqativ halların ən azı bir qismi həllini tapardı. Halbuki bu nəinki baş verməyib, hətta vəziyyət mənfiyə doğru daha da dəyişib. Digər tərəfdən, BNA-nın fəaliyyətinin şəffaflıq üzərində qurulmadığı yönündə də iddialar var.

Bunları ümumiləşdirdikdə Vüsal Kərimlinin açmağa hazırlaşdığı yeni marşrut xətlərinin məhz obyektiv müsabiqə yolu ilə sahibkarlara veriləcəyinə dair ciddi şübhələr yaranır.
Sənan Mirzə