Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ) balans mənsubiyyətinə aid olan 110 kV-lik "Böyük Haramı yarımstansiyasının gücü artırılıb. Belə ki, bu yarımstansiyada gücləri 16 MVA olan 1 və 2 saylı transformatorların hər biri 25 MVA olan iki transformatorlarla əvəz edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda deyilir. 

Eyni zamanda ötən ilin son beş ayı ərzində Mingəçevir REŞ-in tabeliyindəki 220 kV-lik Ağsu, 110 kV-lik Şəhər, Bərdə, Şükürbəyli və digər bir neçə yarımstansiyalarda müxtəlif təyinatlı təmir-bərpa işləri həyata keçirilib.

Ümumilikdə isə, ötən ilin son beş ayı ərzində Mingəçevir REŞ-in strukturuna daxil olan yarımstansiyalarda müxtəlif gərginlikli 5 ədəd transformator, 220 kV-lik 4 ədəd, 110 kV-lik 28 ədəd, 35 kV-lik 14 ədəd və 10 kV-lik 38 ədəd yağ və eleqaz açarları təmir edilərək normal iş rejiminə gətirilib. Bütün bunlarla yanaşı bu dövrdə transformatorlarda yağların səviyyəsinin tənzimlənməsi məqsədilə 5,3 tona yaxın transformator yağı istifadə olunub.

Səhmdar Cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən o da bildirilir ki, respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 1-ci və 2-ci Abşeron, 1-ci, 2-ci və 6-cı Mingəçevir elektrik verilişi xətləri xüsusi diqqət mərkəzindədir.

Bu dövrdə Mingəçevir REŞ-in xidməti ərazisində olan 110 kV-lik və ondan yuxarı gərginlikli elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir-bərpa işləri həyata keçirilib. Buraya izolyatorların və naqillərin dəyişdirilməsi, ilgəklərin (şleyflərin) və dayaqlarda torpaqlama konturlarının təmiri, xəttin trassasının yaşıl kütlədən təmizlənməsi və digər görülən işlər daxildir.

Görülən işlər Tədbirlər Planına uyğun olaraq müntəzəm xarakter daşıyır və bunlar ölkə enerji sisteminin stabil və dayanıqlı iş rejiminin təmin edilməsində mühüm amillərdən biri hesab olunur.

Qeyd edək ki, Mingəçevir REŞ-də aparılan təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verilir.