"Ötən il havaların uzun müddət quraqlıq keçməsinə baxmayaraq, ciddi meşə yanğınları olmayıb. 2016-cı il ərzində 2 müəssisədə cəmi 0,7 hektar sahədə meşə yanğınları baş verib ki, onlar da operativ qaydada söndürüldüyündən meşələrə ciddi ziyan dəyməyib.

Unikal.org-un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) illik hesabatında bildirilib. Hesabat ilində müəssisələr üzrə 32708 m3 həcmində oduncaq tədarük olunub.

"2016-cı ilində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşə bərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir. Ötən il müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 154619 manat ziyan məbləğində 22253 m3 həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq qanuna müvafiq tədbirlər görülüb. Aktlaşdırılan meşə pozmalarına görə hesablanan ziyandan (154619 manatdan 118358 manatı) 62 %-i ödənilib, təqsirkar şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədi ilə 144 iş hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndərilib - deyə, hesabatda qeyd olunub .