Valideynlər boşanıb, ata öz razılığı ilə övladları anasının himayəsinə verib. Özü də hər ay ayrılan alimenti ödəyir. İndi isə ana yenidən evlənib uşaqlarını Rusiyaya, nənə babasının yanına yollayıb. Üstəlik uşaqlar 8 aydan çoxdur məktəbə də getmir. Davamiyyətin bu qədər uzun müddətə pozulması o deməkdir ki, ana öz valideynlik öhdəliyini yerinə yetirmir. Məktəb rəhbərliyi də indiyə kimi uşaqların dərsə gəlməməsi ilə bağlı maraqlanmayıb.

Unikal.org xəbər verir ki, 59 saylı orta məktəbə vətəndaşın şikayəti ilə getmişdik, amma bizi məktəb rəhbərliyindən daha çox təhsil alan uşaqlar sevinclə qarşıladılar.

39 yaşlı Ağdam sakini İlyas Cəfərovun şikayəti 2 il əvvəl boşandığı həyat yoldaşının himayəsinə verilən uşaqlarının təhsili ilə bağlıdır. Onun 2 azyaşlı oğlunun valideynlik hüququ anaya verilib. İlyas Cəfərov indiyədək övladlarına hər ay 180 manat aliment də ödəyib. Sonradan öyrənib ki, keçmiş həyat yoldaşı Bakıya köçüb və uşaqlara lazımınca nəzarət etmir. Uşaqlara nəzarət olunmadığını İlyas məktəbə gələndə öyrənib. 8 aydan çoxdur oğulları Sadiq və Rasim Cəfərovlar dərsə gəlmir, Rusiyaya gedərək nənə-babalarının yanında qalırlar.

İlyas deyir ki, alimenti uşaqlarının xərcləri üçün ödəyir. İndiki halda isə uşaqlara nənə babaları baxır. Üstəlik təhsildən də kənarda qalıblar. Keçmiş həyat yoldaşı da başqasi ilə yenidən ailə qurub.

İndi İlyas övladlarının valideynlik hüququnu öz üzərinə götürmək istəyir. Təhsildən kənarda qaldıqlarını sübut emək üçün getdiyi 59 saylı orta məktəbdən isə davamiyyətin uzun müddətdir pozulduğu haqda sənəd ala bilmir. Məktəb rəhbərliyi faktı gizlədərk bildirib ki, ancaq 1 ay ərzində uşaqların dərsə gəlmədiyi haqda sənəd verə bilərlər. İlyasla birgə 59 saylı orta məktəbə yollandıq. Mühafizəçi məktəb rəhbərliyinə məlumat vermək bəhanəsi ilə getdi və qapını arxadan kilidlədi.

Uzun zamandan sonra rəhbərlikdən kimlərsə ortaya çıxdı. Amma üzümüzə qapı ortmək davranışı yenə davam etdi. Vəkil Asif Abdullayevlə problemin müzakirəsini davam etdirdik. Bildirdi ki, təhsil və tərbiyə prosesinə xələl gətirildiyi sübut olunarsa ata övladlarının valideynlik hüququnu əldə edə bilər.

Təhsildən yayınmayla bağlı məktəb rəhbərliyi sənəd vermirsə bunun da həlli var. İlyas Cəfərov bu günlərdə valideynlik hüququnu bərpa etmək üçün yenidən məhkəməyə müraciət edəcək.