İşğalçı hərbi birləşmələrin son diversiyalarına cavab olaraq Silahlı Qüvvələrimiz onların qərargahlarını, təxribat qruplarını, hərbi nəqliyyat vasitələrini, uçuş aparatlarını məhv edib

Son günlər işğalçı Ermənistan ordusu cəbhədə vəziyyəti qəsdən gərginləşdirməkdə davam edir. Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə hər gün çox sərt xəbərdarlıq etməsinə baxmayaraq, bu ölkənin silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozmaqdadır. Lakin bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edən Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab verir.

Fevralın 24-də işğalçı ölkənin silahlı qüvvələrinin xain hücumunun ardınca davamlı şəkildə mövqelərimizə həmlələr etməsi, hətta ordumuzun sərrast cavab zərbələri nəticəsində itkilər verməsinə baxmayaraq, yenə də təxribat-diversiya hərəkətlərindən əl çəkməməsi bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyəti silahlı birləşmələrin rəhbərliyinə "xüsusi tapşırıq verib. Səbəb isə ölkədəki seçkiqabağı gərginliyi azaltmaqdır. İşğalçı ölkənin rəhbəri Serj Sarkisyan bu üsula əl atmağı daha uyğun görüb. Çünki ölkə daxilində ona qarşı çox güclü bloklar yaradılıb. Erməni siyasi elitası tamamilə qərarlı şəkildə seçkilərdə bu cinayətkar hakimiyyəti uzaqlaşdırmaq istəyir. Açıq görünür ki, cəbhədəki hadisələr Ermənistan rəhbərliyinin təxribatıdır. Yəni S.Sarkisyan siyasətində yenilik yoxdur.

Lakin Ermənistan silahlı birləşmələri xüsusi tapşırıqla cəbhədə vəziyyəti nə qədər qəsdən gərginləşdirməyə çalışsa da, Vətən keşiyində dayanan igid oğullarımız düşmənin istənilən hiyləgərliyinə mərd-mərdanə cavab verirlər. Yəni Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını layiqincə alır və tutarlı cavab verir. Elə mart ayının ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatına cavab atəşi ermənilərə bir daha gözdağı verdi. Martın 1-də işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan ordusunun mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən cavab zərbəsi endirildi. Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsi aydın şəkildə göründü və bunu bütün Ermənistan izlədi.

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərsə də, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edildi və o, geri çəkilməyə məcbur oldu. Qoşunlarımız heç bir itki vermədi. Martın 2-də isə cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55 taktiki pilotsuz uçuş aparatı Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edildi.

Bütün bu əməliyyatlara, çəkilən videogörüntülərdəki reallıqlara baxmayaraq, Ermənistan rəhbərliyi itkilərinin sayını gizlətməyə çalışır. Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə açıq görünür ki, qərargaha dəqiq zərbələr endirilib. Oradakıların sağ qalma şansı yoxdur. Göründüyü kimi, düşmən ölkə daxilindəki gərginliyin arta biləcəyindən ehtiyatlanaraq, itkiləri maksimum gizlətməyə çalışır. Ancaq buna baxmayaraq, müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusunun bölmələrinə həmlələrindən də əl çəkmir.

Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini təsdiqləyən sübutdur. Lakin erməni hiyləgərliyi, erməni yalanı bununla bitmir. Silah gücünə bacarmayan Ermənistan başqa böhtana əl ataraq təmas xəttində keçirilən monitorinqə görə Azərbaycanı günahlandırmağa cəhd edib. Guya Azərbaycan tərəfi ATƏT-in missiyasını təmas xəttinə çıxarmayıb. Ancaq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb. Hətta Ermənistan tərəfi də monitorinqin müəyyən edilmiş qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Bunun ardınca isə başqa məlumat yayaraq Azərbaycanı ittiham etməyə başlayıb.

Bu hadisə fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş 5 hərbi qulluqçumuzun nəşlərinin döyüş meydanından çıxarılması zamanı ermənilərin etdiyi xain hərəkətin başqa forması idi. Əvvəlcədən danışıq aparıb razılıq əldə etdikdən sonra öz fikrindən dönüb şərti pozmaq və başqa tələblər irəli sürmək və ya əvvəlcə yaydığı məlumatı sonradan dəyişərək ittiham formasına salmaq yalnız erməninin işi ola bilərdi. Hər addımı yalan-böhtan üzərində qurulan bir ölkənin iftiralarına yenə inanan olmadı.

Ermənilər tərəfindən Azərbaycana qarşı iftiraların atılması bizim üçün təəccüblü hadisə deyil. Lakin Azərbaycan Ordusu düşməndən hər gün qisas alır, hər gün ermənilər ciddi itkilər verirlər. İşğalçı ölkə çox yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa təxribatlara cavab verməyə, daha geniş miqyaslı döyüşlərə də hazırdır. Azərbaycan Ordusu dünyada güclü ordulardan biridir. Müdafiə Nazirliyi də hər gün işğalçı ölkəyə xəbərdarlıq edərək bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq. Təxribat törətdiyinə görə isə Ermənistan yenə də peşman olacaq. Aprel döyüşlərində olduğu kimi. İşğalçı ölkəni idarə edən hərbi rejim isə birmənalı şəkildə başa düşməlidir ki, onun işğal etdiyi və üzərində oturduğu torpaq başqa bir dövlətə məxsusdur, bu torpağın sahibinin iradəsi burada əsas rol oynamalıdır. Ermənistan əhalisi də bunu duymalıdır ki, işğalçılıq siyasətinin sonu yoxdur, bu, onlara daim narahatlıq gətirəcək. Çünki güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər.