Türk "spritüalistlər"in, yəni "ruhçular"ın çoxu yarım əsr boyu gizli qalan və bu günlərdə nəşr olunan bir kitabın "kainatın sirlərini verdiyinə" inanırlar.
Unikal.org axar.az-a istinadən həmin kitab barəsində qısa məlumatı təqdim edir: 1959-ci ildə "Öndər" adlı "yüksək bir ruh" tərəfindən bir ekstrasensə yazdırılan və Türkiyədə "ruhçuluğun banisi" kimi tanınan Dr. Bədir Ruhsalman tərəfindən təşkil olunan "İlahi nizam və kainat" adlı kitab 54 il ərzində notarius və bank kassalarında mühafizə edilib. Bir qrup "ruhçu" bu kitabın ötən günlərdə dərc olunması ilə kainatın bilinməyən bir çox sirrinin ortaya çıxdığına inanır.
Türkiyədə bir neçə yüz və ya min nəfərdən ibarət bir çevrə əlli ildir kassalarda saxlanan bu kitabda nələrin yazılmış olduğunu və nəşr olunmasını gözləyirdi.
Kitab, iddia edildiyinə görə, "yüksək aləmlər" tərəfindən verilən məlumatların bir yığmasıdır. Türkiyədə "ruhlarla təmas" axınının banilərdinən Dr. Bədir Ruhsalman tərəfindən 1950-li illərin sonlarında keçirilən ruh iclaslarında, yəni bir ekstrasens vasitəsi ilə ruhlarla əlaqə yaradıldığına inanılan iclaslarda "Öndər" adını istifadə edən bir ruh tərəfindən verilən bu məlumatlar nəhayət kitab olaraq ortaya çıxmışdı.
Dr. Bədir Ruhsalman kimdir?
Doktor Ruhsalman ruhçuluq işinə kiçik yaşlarında ikən "Cinlərlə yazışma" adlı bir kitabın təsiri altında qalaraq girir, ruhi sınaqlar və "iclaslar" keçirməyə başlayır. Çexoslovakiyada konservatoriya bitirərək skripka icraçısı olur, 1926-cı ildə Türkiyəyə qayıdır, bir müddət musiqi müəllimliyi edir. Daha sonra da tibb fakültəsini bitirir, həkim olaraq Əfqanıstanda yerləşir, Türkiyədə də illərlə həkimlik edir, peşəni uzun illər davam etdirərkən ekstrasenslər vasitəsi ilə minlərlə ruh iclasını idarə edir. 1946-ci ildə "Ruh və Kainat" adlı üç cildlik məşhur əsərini nəşr etdirir.
Doktor Ruhsalman sonrakı illərdə ard-arda çıxardığı "Ruhlar arasında", "Allah" və "Müqəddərat və İcabat" kimi kitablarla çox sayda adamın ruhçuluqla məşğul olmasını təmin edir. "Ruh nədir, insan öləndə necə bir aləmə gedir, başqa dünyada həyat necədir, yeni həyat hansı şərtlər altında baş verir və ruhlarla necə danışılır?" kimi məsələlərdən bəhs etdiyi kitabları "ruhçuluq ədəbiyyatının klassikləri" halını alır və Türkiyədə bu işlərə marağı daha da artırır.
İdda olunur ki, Bədir Ruhsalmanın 1950-ci illərin sonlarında etdiyi iclaslara "Öndər" adını verdikləri bir "yüksək ruh" gələrək iclasların ekstrasensi Attila Güyerə bəzi "yüksək məlumatlar" verib. Doktor Ruhsalman bundan bir neçə ay sonra ölərkən, özünün "spatyom" dediyi "ruhlar aləminə" köç edərkən, "Öndər"in məlumatlarını üç nüsxə halında yazıdırıb, notarius kassasına qoyulmasını vəsiyyət edir.
Kitabdakı şok məlumatlar
İndi də sözügedən kitabdan iki kiçik hissəsini təqdim edirik:
Kitaba görə, bəşəriyyətin gələcəyi heç də parlaq deyil, bəşəriyyəti pis bir gələcək gözləyir. İqlimlər dəyişəcək, zəlzələlər artacaq, quraqlıqlar başlayacaq, 2050-ci ildən etibarən buzlaqlar əriməyə başlayacaq və dünya son dərəcə isinəcək. Sonrakı illərdə təbiət çox böyük dərəcədə dəyişəcək, insanlar kütlələr halında öləcək, "dünyada yaşamaq çox əzablı və əziyyətli bir hala gələcək", qitələr batacaq, yeni qitələr ortaya çıxacaq və bəşəriyyət qədim ibtidai vaxtlarına qayıdacaq.
Amma narahat olmayın, bütün bu fəlakətlər dünya həyatı ilə məhdud qalacaq, "yüksək planlara", yəni "o biri tərəfə" keçməyəcək, ölənlər öldükləri anda bu fəlakətlərin hamısını unutmuş olacaqlar.
Dünyadan kənarda həyat varmı?
"Günəş sisteminin ən inkişaf etmiş planeti Yer kürəsidir. Sistemin digər planetlərində və ya Günəşdə dünyadakından daha inkişaf etmiş varlıqlar yoxdur. Günəş sisteminin ən geri qalmış planetlərindən biri isə Plutondur. Bu planetin ən inkişaf etmiş varlığı dünyamızın ən geri qalmış varlığı olan təbəqədən daha geridir.
O cümlədən, Günəş də sistemin geri qalmış kürəsidir. Əsasən Günəşin bu geridəqalmışlığına görə orada manipulyasiya çox asandır. Ona görə də sistemin digər planetlərini, xüsusilə də dünyanı idarə edənlər daha çox Günəşdə olurlar. Amma bu səlahiyyətlilər digər planetlərdə də gəzərək öz vəzifələrini icra edirlər.
Günəş sistemində hidrogen aləminin inkişafını tamamlamış varlıqların toplaşdıqları yer dünyadır. Dünyamız ötən yetmiş min il ərzində artıq bu dövrədəki vəzifəsini bitirmək üzrə olan, insanlara layiq olduqları aləmlərin qapılarını açmaq və imkanları tükənmiş hidrogen aləmin qapısını da arxadan bağlamaq hazırlıqlarına başlayıb".
Gələcəyimiz fəlakətlərlə doludur
"Yeni dünyanın batan qitələrin dəniz üzərində qalan hissələrinə aid bəzi adalar və arxipelaqların dənizin dibindən qalxaraq meydana çıxan yeni böyük qitələrdən meydana gələcəyini demişdik. O cümlədən, ötən dünyadan qalan insanların məskunlaşacağı bu adaların qayalıqlardan ibarət olacağını, torpağın olmayacağını da qeyd etmişdik. Beləliklə, ilk insanların həyatında bitki mühiti hələ mövcud olmayacaq. Məhz bu halda olan yeni dünyanın ilk vəziyyəti qısa bir zamanda vəhşiləşməyə başlayacaq. Hər şey sadələşəcək, ibtidailəşəcək.
Qədim dünyada mövcud olan zirvələri girdə dağlar və təpələr yeni dünyada görülməyəcək. Onların yerinə təpələri iti, mişar şəklini almış dağlar və sıra dağlar meydana gələcək, kəskin dərələr görüləcək, hər şey kəskinləşəcək və sərt bir görkəm alacaq.