Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifi ilə aprelin 16-da ölkə Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsi keçiriləcək.
Unikal.org xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, referendumla bağlı ölkədə bütün hazırlıq işləri başa çatıb.
Bu səsvermədə 55 milyon 319 min 222 nəfər vətəndaş iştirak edəcək. Onlar 167 min 140 qutuda səs verəcəklər.
Ölkənin şərq bölgələrində yerləşən 32 vilayətində səsvermə yerli vaxtla saat 7.00-dan 16.00-dək, digər ərazilərdə isə saat 8.00-dan 17.00-dək keçiriləcək. Aprelin 15-də saat 18.00-da təbliğat kampaniyası rəsmi şəkildə başa çatır.
Ölkədə asayişin qorunması üçün ciddi tədbirlər görülür. Bu məqsədlə aprelin 16-da saat 6.00-dan 24.00-dək ölkənin bütün ərazilərində spirtli içki satılması qadağan olunub.
Qeyd edək ki, bu səsvermə Türkiyənin tarixində Konstitusiyasına dəyişikliyi ilə bağlı 7-ci referendumdur.(istipress.com)