Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin bəzi yaddaqalan obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Unikal.org modern.az-a istinadən oxuculara milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.

Bu dəfə Azərbaycan tamaşaçılarınının yaddaşında silinməz izlər buraxmış "Telefonçu qız filmindən bəhs edəcəyik.

RejissorHəsən Seyidbəylininkinoda ilk işi olan bu ekran əsərində həyatda öz yerini tapan gənc Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakir dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.

Film Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılıb.

"Telefonçu qız filmindəki əsas rolllar bir sıra məşhur sənətkarlar tərəfindən ifa edilib ki, onlardan biri də Ukraynanın xalq artisti Raisa Nedaşkovskayadır. 1962-ci illərdə lentə alınmış kinopovestdə o vaxtın Ukrayna gözəli baş qəhrəmanı - telefonçu qız olan Mehriban obrazını canlandırıb. Filmin titrlərinə baxmayan azərbaycanlı tamaşaçıların böyük əksəriyyəti uzun müddət onun ukraynalı olduğunu zənn etməyiblər.


Raisa Nedaşkovskaya vaxtilə Ukrayna və Sovet kinosunun ən gözəl, ən cazibədar aktrisalarından biri olub.

O, 17 fevral 1943-ci ildə Ukraynanın Malin şəhərində doğulub. Uşaqlıqdan rəqslə məşğul olan Raisa həm də xoreoqrafiya ansamblında solistlik edib.18 yaşından isə filmlərə çəkilib: "Meşə nəğməsi, "Yuxu, "Onore de Balzaskın səhvi, "Komissar və s...

"Telefonçu Qız" filmindəki Mehriban obrazı Raya Nedaşkovskayanın ən yaxşı ifalarından biri sayılır.

Raisa Nedaşkovskaya 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirib və Dovjenko adına Kiyev kinostudiyasında aktrisa olub.

1980-1993-cü illərdə Kiyev Gənclər Teatrında çalışıb. 1994-cü ildən 2001-ci ilə kimi "Ulduzlu səma altında" teatrında bədii rəhbər olub.

Hazırda 74 yaşında olan R.Nedaşkovskaya Ukrayna Teatr Xadimləri İttifaqında çalışır. O, bu qurumun İdarə Heyəti sədrinin birinci müavinidir. Eyni zamanda, bu ittifaqın nəzdindəki "Qızıl Vityaz" Slavyan incəsənət forumunun vitse-prezidentidir.

Raisa Nedaşkovskaya mətbuata müsahibələrində vətənindəki hazırki vəziyyətə təəssüflənərək, "Ukrayna indi çətin günlərini yaşayır deyib.


O, Azərbaycanda çəkildiyi "Telefonçu qız" filmindəki Mehriban obrazını karyerasının ən uğurlu rollarından biri adlandırıb.

"Azərbaycan, həqiqətən mənə əzizdir. "Telefonçu qız" filmində çəkilərkən mən institutda oxuyurdum. Çəkilişlərin uzanması, qarşıma çıxan çətinliklər dəfələrlə məni filmdən yarımçıq getməyə məcbur etmişdi. Lakin rejissor Həsən Seyidbəyli və onun həyat yoldaşı Susanna, səhv etmirəmsə adı belə idi, mənim axıradək oynamağım üçün təkid etdilər. Hətta ona qədər razılıq əldə edildi ki, semestr imtahanlarını Azərbaycan Teatr İnstitutunda verim.
Bəli, məhz təhsilimlə əlaqədar mən roldan imtina eləmək istədim. Çünki bu rola görə təhsilimi qurban vermək istəmirdim. Amma "Azərbaycanfilmin nümayəndələri Kiyev Teatr İnstitutunun rəhbərliyi ilə hər şeyi danışdılar və mən ilk sessiyanı Bakıda verdim.


"Telefonçu qız"ın çəkilişlərinin Bakıda, Neft Daşlarında və Riqada aparıldığını xatırlayan ukraynalı xanım həmin vaxtlarda dəfələrlə azərbaycanlı oğlanlardan eşq təklifləri alıb. Hətta onu Bakıda evlənmək üçün qaçırmaq belə, istəyirmişlər:

"Bəli, Bakıda məni qaçırmaq istəmişdilər. O vaxt cəmi 18 yaşım vardı, -deyə 1962-ci illərdə azərbaycanlı oğlanların ağlını başından alan ukraynalı gözəl gənclik illərini xatırlayır. Amma onu da deyir ki, özünü heç vaxt ideal gözəl saymayıb.

O, sonuncu dəfə Bakıda 1979-ci ildə Ukrayna incəsənəti ongünlüyü çərçivəsində olub. Raisa Nedaşkovskaya Azərbaycan plovunu çox xoşladığını vurğulayır, o, Bakı Funikulyorunu, şəhərimizin küləyini yaddan çıxarmadığnı deyir.

Raisa Nedaşkovskayanın sözlərinə görə, "Telefonçu qız" filmi məşhurlaşandan sonra Mehriban adı Azərbaycanda çox populyarlaşıb və xatırlayır ki, o zamanlar yeni doğulan qızlara tez-tez bu adı verirmişlər.


Ukraynalı aktrisa məmuniyyətlə bir daha Bakıda olmaq istədiyini də gizlətmir.

Təəssüf ki, Raisa Nedaşkovskaya şəxsi həyatda kinodakı uğurlarına nail ola bilməyib. O, iki dəfə ərdə olub, amma hər iki evliliyi uğursuzluqla nəticələnib. Bu evliliklərdən onun Pavel adlı bir oğlan övladı doğulub. Nedaşkovskayanın oğlu və gəlini hazırda dizaynerdir, onun nəvələri var.

Raisa Nedaşkovskaya müsahibələrində heç bir evliliyini xoş xatirələrlə xatırlamayaraq, bu haqda geniş danışmaq istəmədiyini söyləyib: "Ərlərimdən danışmaq istəmirəm. Çünki onlarla bağlı yaxşı nəsə xatırlaya bilmirəm.

Aktrisanın sözlərinə görə, birinci əri Valeri də kino sahəsində çalışıb. Lakin içki düşkünü olduğundan onunla oğlu Pavel yaş yarımlıq olanda ayrılıb.

Raisa Nedaşkovskayanın ikinci əri Viktor Nekrasov yazıçı olub. Aktrisanın sözlərinə görə, ikinci evliliyi 7 il sürüb və ərinin psixi sağlam olmadığı səbəbindən ayrılıblar.

Sonralar aktrisaya daha bir neçə evlilik təklifi edilsə də, o daha ərə getməməyi qətiləşdirib.