Uzun illərdir sənətdən ayrı düşən müğənni İranə İlkin yenidən efirə qayıdır.
Unikal.org ailem.az-a istinadən İranə İlkinlə müsahibəni təqdim edir.
-İllərdir sənətdən uzaqlaşan İranə İlkin yenidən səhnəyə qayıtmaq istəyir. Buna necə qərar verdiniz?
- Space-də Elnarə xanımın "Xanımlar və cənablar verilişində qonaq oldum. Orada prodüser Sənan mənə filmə çəkilmək təklif etdi. Yaxın rəfiqəm Sevinc xanım da mənə dedi ki, niyə oturmusan? Bu söz məni tərpətdi. Çünki çox tənbəlləşmişəm, etiraf edirəm ki, mən tənbələm. Sizdən əvvəl rejissor Abdul müəllimlə görüşdüm. Space-də efirə gedən "İtirilmiş həyat serialının ssenarisini verdi, baş rola çəkiləcəm. Bu həftə çəkilişə başlayacam. Yəqin ki, müğənni kimi də fəaliyyətə başlayacam. Artıq bir neçə verilişə dəvət almışam. Söz verirəm ki, bu yaxınlarda məni görəcəklər. Çox bəstəkarlarla işləmişəm - Məryəm Əlibəyli, Xanım İsmayılqızı, Ramiz Mirişli, Vüqar Camalzadə və s. Əli Əliyev müğənni və bəstəkar dostumuzdur. Onun da mahnılarını bəyənirəm, ondan da təklif almışam. Yavaş-yavaş hamısını edəcəm. Qəti qərara gəlmişəm ki, yenidən müğənniliyə başlayacam.
-İllər öncə sənətə necə gəldiniz? Səhv etmirəmsə, ilk dəfə Ağadadaş Ağayevin klipinə çəkilmisiniz.
- Aynur adlı rəfiqəm vardı, AZTV-də işləyirdi. 1997-ci il idi. Bir gün məni iş yerinə çağırdı, ad günü idi. Getdim ora. AZTV-də Rəhim Sadıqbəyli adlı rejissor məni görüb, xoşuna gəlib və rəfiqəmə deyib ki, məni Ağadadaş Ağayevin klipinə çəkmək istəyir. İki gün sonra mənə zəng vurdular və bu təklifi etdilər. "Yarı səndə, yarı məndə mahnısının klipinə çəkildim və ilk dəfə efirə çıxdım. Klipə çəkilmək, bu sənət çox xoşuma gəldi. Ağadadaş müəllimin ikinci klipinə də dəvət aldım. Amma o klip efirə verilmir. İndiyədək də "Yarı səndə, yarı məndə klipinə baxıb nostalji yaşayıram. Sonra Ramiz Mirişli məni dövlət televiziyasına dəvət etdi. Bundan sonra fəaliyyətim başladı. Eyni zamanda, Kamran Həsənlinin də iki klipinə çəkilmişəm. Bacısı Gülərlə yaxın rəfiqəyik. Elxan Şirinov, Rahidə Baxışova və mənim - bizim trionun "İpək yolu mahnısı və klipi də vardı. Sonra Xanım İsmayılqızı ilə tanış oldum, onun "Çəkil-çəkil mahnısını ifa etdim. Bu mahnı ilə populyar oldum. 2000-ci ildə mən artıq populyar idim. O vaxt ABA kanalı vardı, mahnılarımız, kliplərimiz orada efirə gedirdi. 2005-ci ildə ana oldum, gözəl qızım dünyaya gəldi. Bundan sonra sənətdən uzaqlaşdım.
-Populyarlığın yüksək zirvəsində sənəti tərk etdiniz. Heyfsilənmədiniz?
- Orta məktəbdə oxuyanda qarmon, pianino dərslərinə, rəqsə getmişəm. Lakin sonra Neft Akadamiyasına daxil oldum. "Bəxtiyar kinosunda deyildiyi kimi: "Neftçi hara, müğənni hara? Mənim sənətə gəlməyim buna oxşayır. Anama deyirdim ki, mən rəqsə, qarmona, pianoya getmişəm, Neft Akademiyasında nə işim var? Lakin bu, atamın istəyi idi, çünki özü neftçi idi. Oranı bitirdikdən sonra isə öz istəyimlə Bakı Musiqi Akademiyasına daxil oldum, Ziya Bağırov müəllimim olub. Müğənniliyə hardan və necə başlayacağımı bilmirdim. Heç vaxt düşünmürdüm ki, müğənni ola bilərəm. Bu bir qismət idi ki, Ağadadaş Ağayevin klipinə çəkildim və bununla sənətə başladım. O vaxt Xarici Dillər Universitetində Səyyad Əlizadənin məşqləri olurdu, məni ora apardılar, bir mahnı oxudum, bəyəndilər, sonra gedib-gəldim, məşqlərə başladım. Orda Sevinc adlı xanım mənə "Axtarıram adlı mahnı verdi və bu mahnı ilə efirə çıxdım. Lakin populyarlığı Xanım İsmayılqızının mahnıları ilə qazandım. Artıq 12 ildir sənətdə yoxam. Amma buna baxmayaraq, yenə məni unutmayıblar, tanıyırlar. Mən qısa zamanda çox sevgi qazandım. Elə müğənnilər var ki, antireklam, dava-şava ilə populyar olur. Mən belə şeyləri sevmirəm. Hansı müğənni məni görürsə deyir, niyə efirə çıxmırsan, niyə yoxsan? Demək ki, məni sevirlər.
-Bəlkə həyat yoldaşınız da sənətdə olmağınızı istəmirdi?
- O qəti olaraq mənim sənətimə mane olmayıb, əksinə, hər zaman dəstək olub. Sadəcə övladım dünyaya gələndən sonra sənətdən soyudum. Hər şeyi atıb qızımla məşğul oldum. Düzdür, hansısa verilişə gedəndə qısqanırdı, amma əhəmiyyət vermirdim. Bilirdim ki, qısqanclıq sevgidən irəli gəlir. Amma qadağa qoymurdu, əksinə, sənətimi sevirdi. Sonra dünyasını dəyişdi. Onu itirdikdən sonra bir çox problemlər yaşadım, çox əziyyət çəkdim. Soruşurlar ki, niyə ailə qurmuram. Deyirəm, sevgidən qorxuram. Sevgi həm şirindir, həm acı. Bir dəfə ailəm olmasını istədim. Amma alınmadı. İndi isə artıq ailə qurmaq istəmirəm. Anam deyir, hələ cavansan, bir azdan yaşlaşanda ailə lazım olacaq. Deyirəm, ana, mən ailə qurmaq istəmirəm. Çünki mənim ailədə şansım gətirmir, ailə mənə düşmür. Ailə mənim alnıma yazılmayıb. Düzdür, heç vaxt "heç vaxt demə. Amma əgər Allah alnıma ailə yazıbsa, mənə elə insanı yetirsin ki, o, mənə sadiq olsun. Çünki xəyanəti heç vaxt bağışlamıram. Sənətimi sevdiyim insana görə atdım, təki sakitlik, söz-söhbət olmasın dedim. Sevgi budur mənim üçün. Ailəmə, sevgimə görə sənətimdən vaz keçdim.
-Sonra peşman oldunuz?
- Bəli. Ona görə də artıq sevgidən qorxuram. Bəlkə də qısqanclıqla bağlıdır, bəlkə də sevəndə bərk sevirəm. Mən sevgimi bölüb-bölüşdürə bilmirəm. Lakin heç vaxt sevgi üçün mübarizə aparmıram. Çünki sevirsə qayıdacaq. Bəlkə də onun üçün hazırda təkəm. Sevgim yalnız ürəyimdədir. O insanla bir yerdə olmasaq da, o, mənim qəlbimdədir. Onun yadigarı mənim yanımdadır. Mənə bəxş etdiyi ən böyük hədiyyəsi yanımdadır. O insanı sevirəm, məndən çox uzaqda olsa da. Haqqımda çox şayiə, söz-söhbətlər gəzir. Təxminən il yarım əvvəl belə bir söhbət eşitdim ki, bir oğlum olub, yaş yarımdır. Dəfələrlə mənə zəng edib bu barədə soruşublar. O da hardan yarandı? Qadın məsləhətxanasına getmişəm, orada məni görüblər və bu şayiəni yayıblar. Lakin bu, doğru deyil. Mənim körpə uşağım yoxdur. Uşağım var, ya yox, bu, mənim şəxsi həyatımdır.
- Həyat yoldaşınızla necə tanış olmuşdunuz?
- Gənc yaşlarımda ailə qurdum. Ailəmizin istəyi ilə o insanla həyatımı birləşdirdim. Atama görə onunla ilə qurmalı idim. Məndən yaşca böyük idi. 45 yaşında ürək çatışmazlığından rəhmətə getdi. Elə qəfildən dünyasını dəyişdi.12 ildir həyatda yoxdur. Atası qızımı çox az gördü. Baxmayaraq ki, məndən çox böyük idi, amma aramızda çox böyük hörmət, sayqı vardı.
-Sənətdən ayrı düşdüyünüz 12 ildə nə etdiniz?
- Hərdən özüm də özümə bu sualı verirəm. Vaxt elə tez gəlib keçdi ki. Bütün həyatımı qızıma həsr etdim. Çox böyük problemlərim oldu. Şükür ki, bütün çətinliklərə baxmayaraq, qızım böyüyüb, yaxşı oxuyur, sağlamdır. Mənim ailəm - anam, bacılarım, qızımdır. Ailəm mənə çox kömək oldu. Hərdən özüm-özümdən soruşuram ki, o qədər çətinliklərlə mən qızımı necə böyütdüm? Hamı elə bilir ki, mən varlıyam. Mənim obyektlərim, sənətimdən qazancım yoxdur. Lakin Allah kömək oldu.
-Evdə oturduğunuz müddətdə televizora baxıb deyirdinizmi ki, mən də onların arasında ola bilərdim?
- Əsla. O qədər gözüm-könlüm toxdur ki. Hərdən bir arada həvəsə gəlirdim. Amma sonra həvəsdən düşürdüm. Məsələn, harasa toya, məclisə dəvət edirdilər, çıxıb oxuyurdum, həvəslənirdim. Səhəri gün həvəsdən düşürdüm. Artıq o qədər evdə oturmuşam ki, öyrəşmişəm. Evimi, ev işlərini çox sevirəm. Kənardan baxan inanmaz ki, iş görürəm. Bəzi xanımlar özlərini elə aparırlar ki, guya evdə iş-güc görmürlər. Qadın evdə necə iş görməz? Qadın iş də görər, yemək də bişirər, uşağa da baxar. Başım evə qarışır, darıxanda bağa gedirəm, 3 bacım, xalam var, onlara gedirəm, qızımla məşğul oluram. Mənim üçün efirə çıxmaq, məşhur olmaq adi şeydir. Bəlkə də o vaxtı populyarlıq qazanmasaydım, efirin həsrətini çəkərdim.
- Kənardan Azərbaycan şou-biznesini izləyirsinizmi?
- Həsrətlə televizora baxmıram. Nadir hallarda televizor məni özünə çəkər, müğənnilərə baxaram. Elə müğənnilər var ki, hədsiz dərəcədə şit hərəkət edir, ona necə baxım? Çevirirəm o biri kanala. Sənət aləmində heç kəslə yaxın deyiləm. Amma hamı ilə hörmət-izzət saxlayıram. Çünki heç vaxt heç kəslə dava etməmişəm, xanımlığımı, analığımı hər zaman qorumuşam. Ən azı bir xanımıq, şüvən salmaq nəyə lazımdır?! Hərdən mənə deyirlər ki, sən də bir qalmaqal sal. Cavab verirəm ki, mənim nəyimə lazımdır? Mən öz kübarlığımı qoruyub saxlayıram. Bundan sonra da sənətimi davam etdirsəm, efirlərə çıxsam, şou-biznesin içinə girməyəcəm. Çünki nə qədər uzaq olsan, o qədər hörmətli olarsan.
-Köhnə mahnılarınızı yenidən oxuyacaqsınızmı?
- Bəli. Yeni mahnılarım da var. Bu yaxınlarda Xanım İsmayılqızı ilə danışdım, mənə mahnı verəcək. Vüqar Camalzadənin mahnısı var, sözləri İsmayıl Dadaşovun. Çox mahnılarım var. Məryəm Əlibəylidən yenə mahnı götürəcəm. Lakin ilk növbədə Xanım İsmayılqızının "Sevgi yolçusu mahnısını bərpa edəcəm. Çünki sözləri mənə çox yaxındır. Ümumiyyətlə, mahnı oxuyanda çalışıram ki, öz həyatıma uyğun sözləri olsun. Qızım dünyaya gələndən sonra 2006-cı il idi, Xanım İsmayılqızı mənə "Yazan belə yazdı adlı mahnı verdi, klipi də var. Bu mahnı da həyatıma uyğundur.
-Sizi unutmaq çətindir, ən azı ona görə ki, gözlərinizdən tanımaq olar. İranə İlkin hansı müğənniidisoruşanda "iri, ala gözlü qız, -deyə cavab verirlər.
- Bunu məndən hər zaman soruşurlar ki, dodaqların, burnun, gözün özününküdür? Nə dodaqlarım silikondur, nə burnum əməliyyatdır, nə də gözlərim linzadır. Heç bir estetik əməliyyat etdirməmişəm. Dodaqda gel olan kimi bilinir. Bu, Allahın mənə verdiyi gözəllikdir. Amma arıqlamağı düşünürəm, mütləq arıqlamalıyam. Arıqlamamağıma maşın sürmək də mane olur. 17 ildir maşın sürürəm. Piyada heç yerə getmirəm. Həm də işləmədikcə insan kilo alır. Anam da yaxşı yeməklər bişirir, yeməsən də iyi dəyir, kökəlirsən. Amma bir aya arıqlayacam.