Həmkarım Arazı deyə bilmərəm, vallahi mən onun səmimiyyətinə heyran qaldım. Bəzəkli-düzəkli cümlələrlə danışıb, qeyri-səmimi atmosfer yaratmadı. Tez-tez diktafonu söndürtdürüb, "bunu yazma, onu yazma, başlığı belə qoy" deyib əsəblərimizlə oynamadı. Adam nəyi var, səmimi oldu. Hətta buna görə onu "topa tutacaqlarını" da gözə almadı. Varam da belə müsahibə...
Unikal.org aparıcı Şəbnəm Həsənovanın yenicag.az-a verdiyi müsahibəni təqdim edir.
C. Səlimqızı:
- Bəri başdan soruşum, şəkil çəkdirərkən "məni profildən, ya qarşı tərəfdən çək" deyə komplekslərin yoxdur ki?
- Yox, şəkil insanın səmimiyyətini daha qabarıq şəkildə göstərir. Hətta bura gələndə qıza dedim ki, makiyajımı az et, səmimiyyətimi gizlətməsin.
A. Zeynalov:
- Amma insanlar olduqları kimi göründüklərini dərk etmək istəmirlər?
- O insanları da qınamıram. İnsanlar öz içindəki mənini ortaya qoyur. Çox vaxt içimizlə çölümüz üst-üstə düşmür. Ümumiyyətlə, cəmiyyət olaraq daxili azadlığımız çox aşağı səviyyədədir. Oturuşumuzda-duruşumuzda, geyim, peşə, hətta ailə seçimində belə cəmiyyəti düşünürük. Qınaq bizim üçün həmişə problem olub.
C.Səlimqızı:
- Maraqlıdır, niyə cəmiyyət bir qadının fahişə olmasını əxlaqsızlıq sayır, amma bir insanın əclaflığını, saxtakarlığını, yaltaqlığını əxlaqsızlıq kimi dəyərləndirmir...
- Hesab edirəm ki, insanın bilə-bilə qarşısındakını aldatması, onu mənəvi cəhətdən öldürməsi, arxadan vurduğu zərbə, kin-küdurət özü belə əxlaqsızlıqdır, nəinki bir qadının biz bilmədiyimiz hansısa səbəblər üzündən fahişəliklə məşğul olması.
- Ümumiyyətlə, hər hansı addımı atanda cəmiyyəti nəzərə alırsan?
- Deməzdim. Düşünürəm ki, davranışımı, həyat tərzimi kəmiyyət yox keyfiyyət baxımından bəyənən olsun. Məsələn, sosial şəbəkədə izləyici sayı olur, onların hamısını "qapıdan içəri" buraxıram. Mənə problem yaratmırsa, o insana maraqlıyamsa, qoy məni izləsin. Amma 3-4-10 min dostun içindən mənim üçün 100- ü önəmli ola blər. Mənim də izlədiyim çox insanlar var. Onların içərisində elə tanınmışlar var ki, nə geyindiyi, nə yeyib-içdiyi, nə oxuduğu mənə maraqlıdır.
A. Zeynalov
- Sosial şəbəkədə qapıları açıq qoyursunuz, bəs şəxsi həyatınızda?
- Tanıyanlar bilir ki, çərçivələri sevmirəm. Buna görə də ətrafımı, hətta uşaqlarımı belə yersiz çərçivələrə salmıram. Cəmiyyəti nəzərə alıram, amma əsas olan seçilmiş dostlarımın fikridir.
C.Səlimqızı:
- Bayaqdan deyirsən cəmiyyəti nəzərə almıram, demək ki, alırsanmış...
- Bəli, bir az çəkingənliyim var. Məsələn, dodaqlarımı bir qədər qabardıb, selfi çəkdirib paylaşa bilərəm. Onu da bilirəm ki, məni anlayan dostlarım buna heç pis məna verməyəcəklər. Sadəcə olaraq ustadlarım, hörmət etdiyim insanlar var, onların gözündə səviyyəsiz görünməkdən ehtiyatlanmışam.
- Demək ki, məcburiyyətdən özünü çərçivəyə salırsan?
- Hə, məcburən.
A. Zeynalov:
- Ailəli xanımsınız. Ünsiyyət qurduğunuz kişilər bunu biləndən sonra məyus olurlar?
- İnsanın sevildiyini bilmək xoş hissdir. Səmimi etiraf edim də, hansısa kişinin mənim ailəli olduğumu biləndən sonra təəssüf hissi keçirtməsi xoş təəssürat yaradır.
- Təbii ki, söz-söhbətsiz ailə olmur. Heç ailəndə münaqişələr olanda, təəssüflənməmisən ki, ondan yaxşısını da tapa bilərdim...
- Gizlətməyəcəm, ailəmdə boşanmaq dərəcəsinə çatdığım hallar olub. Hətta ayrılmaq həddinə çatmışam, yoldaşıma demişəm ki, bir müddət ayrı qalaq. Amma aramızdakı bağ qırılmayıb. Düşünürəm ki, ayrılıq üçün ciddi səbəb olmalıdır.
- Məsələn?
- Deyim ki, xəyanət. Amma xəyanətin də səbəbləri olur. Buna görə də ayrılmaq olmaz. Məsələn: bir anlıq düşünürəm ki, oğlum məndən soruşsa, atam hanı, mən ona nə cavab verərəm?
- Yəni hardasa, öz xoşbəxtliyini övladına qurban verirsən...
- Bəli.
- Səncə, sənə xəyanət edən bir kişiyə görə, qurban getməyə dəyərmi?
- Həyat yoldaşım xəyanətkar olmadığı üçün belə əminliklə danışıram. Bəlkə də ondan bu hərəkəti görsəm, başqa cür danışaram.
- Məşhur xanımsan, səni qısqanırmı?
- Mənim ətrafımda çoxlu kişi dostlarım var. Hətta hansısa bir kişi həmkarımla hardasa oturub çay içə bilərik, amma mən bu barədə ona hesabat vermirəm. Hətta mən o dostumla şəkil çəkdirib paylaşa da bilərəm, bunu normal qarşılayar.
- Bəs nəyi normal qarşılamaya bilər?
- Verilişimə gələn kişi qonaqlara, gözəl olduğumu yazan kişilərə qısqanıb, amma bunu nümayişkaranə şəkildə üzümə vurmayıb. Bunu mənə aqressiyasız hiss etdirib.
A. Zeynalov:
- Gün ərzində şou xəbər bolluğunda siyasi xəbərləri izləmək imkanınız olurmu?
- Siyasi mövqeyimi bilmək istəyirsinizsə, türkçülüyü sevirəm. Oğlumun adı Turan, qızımın adı Tomrisdir.
- Siyasi prosesləri izləyirsiz?
- Marağımı cəlb etsə... Amma partiya mövqeyim-filan yoxdur.
- Müxalifətçi bir lideri verilişinizə çağırardınız?
- Niyə də yox.
- Kimi?
- İndiki verilişim şou xarakteri daşıyır.
- Siyasətdə şou elementləri çoxalıb...
- Razıyam. Hətta siyasi aləmdə baş verən qalmaqallar şou aləmində baş verənləri də ötüb keçib.
- Məsələn, kimi auditoriyanıza uyğun sayardınız?
- Çətin sual oldu.
- Məsələn, Hafiz Hacıyevi tanıyrısınız?
- Onunla ciddi nə danışa bilərəm?
- Bəs ciddilərdən kimi dəvət edərdiniz?
- Elçibəylə oturub həmsöhbət olsaydım, xoşbəxt olardım.
- İndikilərdən bəs?
- Qənirə Paşayevanı bəyənirəm. Qonağım da olub. Düşüncələrini, türkçülüyünü bəyənirəm.
C. Səlimqızı:
- Bəs rəğbət bəslədiyiniz kişi siyasətçilərdən kimlər var?
- Ağlıma gələn yoxdur.
A. Zeynalov:
- Bəs Azərbaycandan kənarda?
- Şimali Koreyanın prezidentini bəyənirəm.
- Rəğbətinizin səbəbi nədir?
- Məzəli insandır.
- Deputatınızı tanıyrsınız?
- Bəli, amma soyadını unutmuşam...
- Adı lazım deyil, baş hərfi...
- (gülür) Azər müəllimdir. Dördüncü dəfədir ki, millət vəkili seçilib.
- Bir adamın dörd dəfə deputat seçilməsinə normal baxırsız?
- Yəqin ki, belə məsləhətdir.
C.Səlimqızı:
- Barı ağ günə çıxara bilibmi seçicilərini?
- İstər saxta olsun, istər doğru, mən həmişə səsvermə hüququmdan istifadə etmişəm.
- Hansı problemi həll etdiyinə görə ona minnətdarlığını ifadə edərdin?
- On il əvvəl verilişi hazırlayarkən fiziki qüsurlu insanların əlil arabası ilə təmin edilməsi üçün müraciət etdim, təmin etdi. Amma bölgənin hansı işinə yarayır, hansı problemlərini həll edir, bunu deyə bilmərəm.
A.Zeynalov:
- Sizə biranlıq səlahiyyət versəydilər, hansı naziri çıxarardınız?
- Buna cavab verməyim. Düşünürəm ki, ölkədə savadlı gənclər var. Çox istəyərdim onlara vəzifələr verilsin.
A. Zeynalov:
- Yəni qələmini qırmağa hazır olduğun nazirlər var...
- Bəli var.
- Kimlərdir?
- Məsələn, Gürcüstanda 35 yaşa qədər çoxlu nazirlər var. Bu yaxınlarda İsveçdə velosipedlə işə gedib-gələn nazirin şəklini gördüm. Mən də belə cəmiyyət arzulayıram.
- Hökumətdə əksəriyyətin qadın nazirlər təşkil etməsi nəyisə dəyişərdi?
- Mən qadın qüvvəsinə kişidən bir addım sonra baxıram.
C. Səlimqızı:
- Yaxşı hansı nazirin kürsüsündə oturmaq istərdin?
- Mədəniyyət nazirinin.
- Məsələn, müğənnilərə ilk qadağan nə olardı?
- Fəxri adları yığışdırardım.
A. Zeynalov:
- Azərbaycanda növbədənkənar seçki əlaməti görmürsünüz?
- Prezidentin qərarları müzakirə olunmur.
- Deputat seçkiləri bəs?
- Milli Məclisin bundan sonrakı 20 illiyini də belə görürəm.
C. Səlimqızı:
- Özünü orada görürsən?
- Yox.
C. Səlimqızı
- Şəbnəm, birdən hansısa məmur sənə təklif elədi ki...
- Nə? İş təklifi olsa qəbul edərəm.
- Bəs sevgi?
- Çox sevinərdim. Bir insanın sevgi etirafı xoş təsir bağışlayır, yetər ki, səmimi olsun.
- Məni lap cəsarətləndirdin, bir məmurun sevgilisi olardınmı?
- Evli olduğum halda necə sevgili ola bilərəm?
- Elə danışırsan guya sevgili olanların hamısı subaylardır...
- Elə məqam olur ki, dəhşət dərəcədə özümə qapanıram. Hətta intiharın bir addımlığına qədər gəlib çıxmışam. Vicdanımla üz-üzə dayana bilməməyim. Əgər o nazirin, ya məmurun səmimi sevgilisi ola bilməyəcəmsə, vicdan əzabı çəkəcəyəmsə, niyə yaşayım o həyatı? O dəbdəbə, lüks həyat mənə nə qədər zövq verə bilər? Mən o məmurla yatağa pulla girirəmsə, onunla yatağa maddiyyat üçün atılıramsa, amma heç bir zövq almıramsa, o nə həyatdır? Mən hisslərə önəm verən insanam. İnsanı bir konfetlə də xoşbəxt etmək olar, əgər səmimidirsə.
A. Zeynalov:
- Layihəmizin adı "2:1"lə mübarizəsi necə oldu?
- Cəvahir, sənin sualların daha çox qadının daxili aləmi ilə bağlı oldu, amma Araz bəyin sualları daha çox xoşuma gəldi. Siyasi suallarda çətinlik çəkdim. Amma Cəvahirin iddialı olması məni cavablandırmağa sövq etdi.
C.Səlimqızı:
- Hansı sualı daha çox bəyəndin?
- Hansı naziri dəyişərdin?
- Bəri başdan soruşum; başlığa görə zəng edib, etirazını bildirməyəcəksən ki?
- Hansı başlığı ürəyin istəsə, onu da qoyarsan.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində